Azərbaycan şahmatçısı Rauf Məmmədov rusiyalı həmkarı Sergey Karyakinin Ukraynadakı müharibə ilə bağlı səsləndirdiyi fikirlərə cavab verib.
Sportnet.az-ın məlumatına görə, 34 yaşlı qrossmeyster Karyakini təlxək adlandırıb.
"24 ildir bir-birimizi tanıyırıq, həmişə normal münasibətimiz olub. Amma indi siz, təəssüf ki, təlxəyə çevrilmisiniz və öz slavyan qardaşlarınızın ölümünü dəstəkləyirsiniz. Həmkarlarımız neçə gündür bomba sığınacağında olduğu halda təhqiredici yazılar yazırsınız. Bir çox şahmatçılar, yoldaşlarım evsiz qalıb. İndi sənə yazığım gəlir" - deyə yazıb.
Məmmədov rus ordusuna da müraciət edib: "Bilirəm ki, aranızda kifayət qədər adekvat insanlar var və siz bu soyqırımı, terroru dayandıra bilərsiniz. Küçələrə çıxın, xəstə babanınızı sakitləşdirin.
Yaşasın Ukrayna"!
Qeyd edək ki, Sergey Karyakin Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatları dəstəklədiyini bildirib.