
“Fəxri kürsünün ilk pilləsinə qalxdığım üçün özümlə fəxr edirəm”.
Sportnet.az xəbər verir ki, bunu Suqovuşanda start götürən “Prezident Kuboku-2025” beynəlxalq turnirində birnəfərlik kayak qayığında qızıl medal qazanan Kayl Armdorf jurnalistlərə açıqlamasında deyib.
Cənubi Afrika Respublikası təmsilçisi qələbəyə gedən yolda əziyyət çəkdiyini bildirib: “Məşqlər zamanı dəfələrlə səhhətimdə problemlər yarandı. Amma mübarizəni dayandırmadım. Yenidən ayağa qalxdım və sağalmağı bacardım. Ölkəm və ailəmi layiqincə təmsil etdiyimə görə özümlə qürur duyuram".
O, çıxışından razı qaldığını söyləyib: “Ölkəmin ilk dəfə təmsil olunduğu yarışı qızılla başa vurmaq mənim üçün çox şey ifadə edir. Çünki belə hallarla tez-tez rastlaşmırıq. Buradan avarçəkmə ilə məşğul olan bütün həmyerlilərimə demək istəyirəm ki, məşqlərini dayandırmasınlar, hər zaman qələbəyə inansınlar.
Armdorf növbəti hədəfi barədə söz açıb: “Turnirdə təşkilatçılıq yüksək səviyyədə idi. Burada hər şey çox gözəldir. Kaş ki, bu ölkədə daha çox qalmaq imkanım olsaydı. Ümid edirəm ki, növbəti yarışlarda yenə Azərbaycana təşrif buyuracağıq. Növbəti hədəfim Olimpiada Oyunlarına lisenziya qazanmaqdır”.