Bu
səfərin önəmi əvvəlkilərdən daha fərqli idi...
Bu
səfər bəlkə də əvvəlkilərdən daha önəmli idi...
Fərqli
idi ona görə ki, nə oyuna gedirdim, nə də Avropa və ya dünya çempionatına. Bu,
Azərbaycanın 3 futbol yığmasının Türkiyənin Antalya bölgəsində təlim-məşq
toplanışı ilə bağlı səfər idi.
Önəmli
idi ona görə ki, millimizin yeni baş məşqçisi Robert Prosineçkinin, 21 yaşadək
futbolçulardan ibarət yığmamızda eyni vəzifəyə yüksələn Yaşar Vahabzadənin
rəhbərliyi altında ilk məşq və ilk oyunları izləyəcəkdim.
10
jurnalistlə səfərə çıxanda Bakıda nə qar yağırdı, nə də qiymətlər bahalaşmışdı.
Bir həftə ərzində ölkəmizdə həm təbii, həm də süni hadisələr baş verdi. Biz isə
insanın psixoloji durumuna təsir edən bu olaylardan bir həftəyədək də olsa,
qismən uzaqlaşa bildik.
Amma Antalya bizi gülərüz qarşılamadı. Çarter reysi ilə uçan təyyarənin hava limanına "avtoş”vari enişi, həmkarlarımızdan birinin baqajının itməsi və az qala səfərin sonunda tapılaraq, qırıq-sökük halda gəlib çıxması heç də ürəkaçan olmadı. Bura demək olar ki, hər gün yağan yağışlar, oteldə internetdən tutmuş qidalanmayadək olan xidmət səviyyəsindəki müəyyən çatışmazlıqları da əlavə etmək olardı. Hər halda əvvəllər Antalya bölgəsində olduğum otellərdən nə "Spice”də, nə də "Miracle”də belə çatışmazlıqlarla qarşılaşmışdım.
Oteldən
söz düşmüşkən, "İC Santai”də qalırdıq. Yəqin ki, ad bir çoxlarına tanış gəldi.
Bura Kadriye qəsəbəsində yerləşən və demək olar ki, hər il "Qarabağ” klubunun qış
təlim-məşq toplanışları zamanı məskunlaşdığı otel idi. "İC Santai” "İC
Holding”in turizm sektoruna məxsus otellər şəbəkəsinə daxildir. Holdinqin özü
isə Antalya Atatürk Hava Limanından tutmuş İstanbul 3-cü boğaz körpüsünədək
böyük layihələrin icraçısıdır. "İC Yatırım Holding” isə "Qarabağ”ın prezidenti
Abdulbari Gözələ məxsus "İntersun Group”la birgə "DİA Holding”i qurduqdan sonra
Azərbaycanda da Heydər Əliyev Mərkəzi, "Flame Towers” qüllələri, Şahdağ Turizm
Kompleksi kimi böyük layihələrə imza atıb. Bütün bunlardan sonra "Qarabağ”ın da
hər il "İC Santai”də qalmasının əsas səbəbi məlum olur.
Yığma
komandalarımız isə fərqli otellər seçmişdilər. Əsas milli dəbdəbəli "Gloria
Serenity Resort”da, 21 yaşadək futbolçulardan ibarət yığmamız "Susesi”ndə, 16 yaşadək
futbolçulardan ibarət millimiz isə "WOW Kremlin Palace”də qalırdı. AFFA bizdən
kifayət qədər aralıda olan otellərə və futbol meydanlarına vaxtında yetişməyimiz
üçün xüsusi avtobuslar sifariş etmişdi. İlk baxışdan təlim-məşq toplanışının
işıqlandırılması adi və maraqsız tədbir kimi görünə bilərdi. Amma o qədər sıx
qrafiklə çalışdıq ki, şəhər gəzintisi və şoppinqə vaxt ayırmaq belə çətinlik
törətdi. Əsas millinin 2 məşqi, baş məşqçi Robert Prosineçki ilə görüş,
"Mardan” stadionunda Ukrayna "Şaxtyor”u ilə yoldaşlıq oyunu, U-21-in "Atırau”
(Qazaxıstan) klubu və Qana yığması ilə, U-16 yığmasının İsveçrənin "Benfika”
(Sürix) klubu və Belarus yığması ilə yoxlama matçında iştirak etdik.
Prosineçki
ilə söhbətə başlamamışdan öncə iki məşqi izlədik. Elə Antalyaya çatdığımız
günün ikinci yarısında AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin də tamaşa
etdiyi ilk məşqə futbolçular heç də tam tərkibdə qatılmamışdılar. Hələ səfər
öncəsi qapıçı Səlahət Ağayevlə yarımmüdafiəçi Rəşad Sadiqov zədə ilə əlaqədar
heyətdən çıxarılmışdı. İlk məşqi izləyərkən, məlum oldu ki, qapıçı Emil Balayev
Frankfurtun "Aytntraxt” klubundan millimizə qoşulmaq üçün ayrılsa da,
əlverişsiz hava şəraiti ilə əlaqədar
düşərgəyə vaxtında qoşula bilməyib. Bu səbəbdən, yığmamız ilk məşqə cəmi
bir qapıçı – Andrey Popoviçlə çıxmışdı. Maksim Medvedev isə zədə üzündən fərdi
məşq edirdi. Sonradan Medvedevin milliyə kömək edə bilməyəcəyi və heyətdən
çıxarıldığı məlum oldu. İki gün sonra baş tutan növbəti hazırlıq prosesində isə
Rəşad Sadıqov fərdi məşqlə kifayətləndi. Xoşbəxtlikdən, onun zədəsi ciddi
olmadı və hətta "Şaxtyor”la matçın start heyətinə də daxil edildi.
Təbii
ki, hamını Prosineçkinin məşq və oyun fəlsəfəsi daha çox maraqlandırırdı.
Xorvatiyalı mütəxəssis ilk baxışdan xeyli ciddi və zəhmli təsir bağışlayırdı.
Məşqə çıxmamışdan öncə siqaret çəkməsi bu yaxınlarda onunla bağlı hələ futbolçu
olduğu vaxt danışılan əhvalatın doğruluğunu hardasa təsdiqləyirdi. Prosineçki futbolçularla
davranışda da ciddiliyini qoruyurdu. Bununla belə, oyunçuları ruhlandırmaq üçün
işlətdiyi və xüsusi intonasiya ilə tələffüs etdiyi "Bravo” sözü az qala bir
neçə km uzağadək yayılırdı. Bir neçə futbolçunun iştirakı ilə kombinasiyalı
hücumlar qurdurur, futbolçulara təkcə topla deyil, topsuz rəftarı da öyrətməyə
çalışır, standart vəziyyətlər üzərində işləyirdi. Standart vəziyyətlərə önəm
verməsi təkcə hücumla bağlı deyildi. O, künc zərbələri zamanı necə müdafiə
olunmağı, yəni, topun cərimə meydanından uzaqlaşdırılma üsullarını da praktiki
göstərirdi.
Ertəsi
gün baş məşqçi jurnalistlərlə görüşdü. Bu, mətbuat konfransından çox, səmimi
söhbətə bənzəyirdi. Prosineçki yığmadakı və ümumilikdə futbolumuzdakı
problemlər, komandanın üstün və çatışmayan cəhətləri, çağırdığı və dəvət
göndərmədiyi futbolçularla bağlı o qədər geniş danışdı ki, bir də gördük
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl
Nərimanoğlu məşhur "Son sual” elanını səsləndirir. Tədbirlə bağlı geniş
informasiya verilib, baş məşqçinin açıqlamaları dərc olunub. Buna görə görüşdən
ətraflı bəhs etmək artıqdır. Amma Prosineçkinin fikirləri arasında daha çox
futbolumuzdakı sol cinah oyunçusu problemi, topsuz hərəkət, meydanda boş zonalara
açılmalarla bağlı çatışmazlıqlar, legionerlərimizin öz klublarında müntəzəm
əsas heyətə düşməmələri diqqət çəkirdi. O, Berti Foqtsun dönəmində futbolçulara
aşılanan məğlub psixologiyası və bunun timsalında müdafiəyə qapılaraq, çox top
buraxmama fəlsəfəsini dəyişdirməyin nə qədər çətin olduğundan danışırdı.
Razılaşmamaq olmurdu. Amma Azərbaycan Premyer Liqasının bombardiri Nurlan
Novruzovu milliyə çağırmamasını "Mənim sistemimə uyğun deyil” sözləri ilə
əsaslandırması ilə də razılaşmaq mümkün deyildi. Deyəsən, o da Hakimlər
Komitəsinin sədri Xaqani Məmmədov kimi ucaboylulara üstünlük verir. Başqa
izahat vermək çətindir...
Təlimlərin
bəhrəsini yığmamız döyüş meydanında – Ukrayna "Şaxtyor”u ilə oyunda göstərdi.
Güclü rəqiblə qarşılaşmasına baxmayaraq, millimiz çəkinmədən vuruşdu, asanlıqla
təslim olmadı. Donetsk komandası demək olar ki, əsas heyət üzvləri ilə meydana
çıxmışdı. Onların qarşısında isə əksəriyyəti gənclərdən qurulmuş, Azərbaycan
Premyer Liqasında top qovan yığma üzvləri idi. Coşqun Diniyev, Elvin Camalov,
Məhəmməd Mirzəbəyov, Məhəmməd Qurbanov, qolun müəllifi Namiq Ələsgərov kimi
futbolçular ilk dəfə idi ki, əsas millidə çıxış edirdilər. Açığı, futbolçuların
oyuna arxasında nömrələri yazılan deyil, məşq formaları ilə çıxmaları onları
tribunadan baxaraq, adbaad müəyyənləşdirməkdə çətinlik törədirdi. Bununla belə,
kollektiv və nizamlı hücum yeni komandanı fərqləndirən xüsusiyyətlərdən idi.
Amma ikinci hissədə ilk yarı ilə müqayisədə zəif çıxışın bir səbəbi heyətin
demək olar ki, büsbütün dəyişdirilməsi ilə bağlı idisə, digər səbəbi
komandamızın sonadək eyni tempdə mübarizə apara bilməməsindən qaynaqlanırdı. Hər
halda yığmamızın "Şaxtyor”a qarşı oyunu ümidverici idi. Xüsusən, növbəti rəsmi
oyunu martın 28-də Bakıda zəif rəqiblərdən sayılan Malta ilə keçirəcəyini
nəzərə aldıqda, komandamızın qələbə qazanmağa qadir olduğunu söyləmək olar.
21
yaşadək futbolçulardan ibarət yığmamız da yeni baş məşqçinin rəhbərliyi altında
ilk oyunlarını keçirdi. Amma fərq onda idi ki, Yaşar Vahabzadə bu təyinatadək Bernhard
Lippertin köməkçisi kimi çalışmışdı. Bu səbəbdən, komandaya bələd idi. Lakin o,
oyunlar zamanı çox həyəcanlı görünürdü. Futbolçularına həddən artıq tapşırıqlar
verməsi, iradlar bildirməsi ilə rəqib həmkarlarından seçilirdi. Komandamız isə
kobud oyuna meylli idi. Bu halı Təbriz Həsənovun rəhbərlik etdiyi 16 yaşadək
futbolçulardan ibarət yığmamızda da müşayiət etmək olardı. Hər iki komandanın
yoxlama görüşlərində klublardan üstün olduqları halda, müvafiq olaraq, Qana və
Belarus yığmalarına uduzmalarına haqq qazandırmaq çətindir. Düzdür, rəqiblər
sıradan deyildilər: Biri dünya çempionatlarında müntəzəm təmsil olunan ölkənin
yığması, digəri isə 17 yaşadək futbolçulardan qurulmuş və Avropa çempionatının
elit-raunduna yüksəlmiş komanda idi. Lakin unutmayaq ki, milli komandalarımız
rəsmi oyunlarda klublarla deyil, yığmalarla qarşılaşacaq və nəyə qadir olması
da məhz belə matçlarda üzə çıxmalıdır.
Səfərlə
bağlı danışarkən, AFFA-dakı həmkarımız Mikayıl Nərimanoğlunu da xatırlatmaya
bilmərəm. Onu federasiyaya gəldiyi vaxtdan – 10 ildir tanıyıram. Dəfələrlə
ünsiyyətdə olmuşuq. Bu, mənim M.Nərimanoğlu ilə ikinci xarici səfərim idi. İlk
birgə səfər də Türkiyəyə olmuşdu. Amma qardaş ölkə yığması ilə Azərbaycan
millisi arasında İstanbuldakı rəsmi oyunla bağlı ezamiyyət qısa müddəti əhatə
etmişdi. Bir həftəlik budəfəki səfər isə onu bir peşəkar jurnalist və əsl yol
yoldaşı kimi daha yaxından tanımaq baxımından faydalı oldu. İnformasiya və
İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşları ilə ayrı-ayrı otellərdə
qalmağımıza baxmayaraq, məşqlər, Prosineçki ilə görüş və oyunlarda iştirakla
bağlı üzərinlərinə düşən işləri elə dəqiqliklə qurmuşdular ki, heç bir axsama
müşayiət olunmurdu. Oyunlar maraq və miqyasına görə elə də böyük əhəmiyyət kəsb
etməsə də, internetlə təminat, yağışlı hava şəraitində oyunları rahat şəraitdə
izləmək, mətbuat konfransı və brifinqlərin təşkili baxımından problemlə
rastlaşmadıq. Səfərin sonunda qaldığımız otelə öz departamentinin əməkdaşları
ilə birgə qonaq olan M.Nərimanoğlu məzəli əhvalatları və maraqlı söhbətləri ilə
günü daha xoş ovqatla tamamlamağımıza yardımçı oldu.
Həm
də özü demişkən, TAM CİDDİ!
Elşən MƏMMƏDOV
BAKI - ANTALYA - BAKI