"Rəqib bizdən güclüdür" deməklə iş bitmir. Lazım gəlsə, reytinqcə özündən yüksəkdə olanları da məğlub etməlisən. Bu ki milli komanda deyil!
Klubsan, nə qədər istəsən legioner gətirə bilərsən. Şükür Allaha, limit də ləğv olunub, gətir doldur xariciləri komandana.
Əlbəttə, kimi gəldi gətirəcəksənsə, elə birinci mərhələdə burnunun üstündən vurub geri qaytaracaqlar. Səviyyəli, bahalı oyunçu almaq lazımdır! Bir dəfə alacaqsan, bəhrəsini illərlə görəcəksən. Sənin də "Qarabağ"ın bu gün baş sponsoruna ehtiyac duymadığı qədər büdcən olacaq.
"Qarabağ" bu yerlərə elə-belə gəlməyib. Onlar da "Rusenborq", "Tvente", "Kopenhagen" kimi özlərindən güclü rəqibləri üstələyərək, reytinq yığaraq, qruplara yüksələrək indi az qala Çempionlar Liqasının pley-off mərhələsində səpələnmişlər səbətinə düşürlər.
Nəinki özlərinin, hətta Azərbaycanın digər klublarını da avrokuboklarda daha üst mərhələlərdən başlamalarına vasitə olurlar.
Bəs o biri komandalar nə edir? Hamısı uduzan kimi "rəqib bizdən güclü idi, nə edə bilərik?" ritorikası ilə qulaqları deşib hamını borclu çıxarırlar.
Rəqibin güclü olduğunu bilirsənsə, sən də güclən. Azərbaycanda oyunçu tapmırsansa, get xaricdən daha yüksək səviyyəlisini al, transferlərə normal büdcə ayır.
Əvvəl-axır mərhələlər keçməlisən, hər dəfə "Qarabağ"ın daha da irəli getməsinə ümid bəsləməməlisən.
Axı sən də ölkə futboluna hansısa xeyri verməlisən!
Premyer Liqada ondan ötrümü mövsüm ərzində özünü öldürürsən ki, avrokuboklarda ilk mərhələdəcə qarşını kəssinlər?
Hə, bir yolu da var. O da məşqçi savadı, taktiki bacarıqdır. Biliyin varsa, keç özündən güclü rəqibi. Necə ki, bunu Qurban Qurbanov hələ 17 il əvvəl əksəriyyəti yerli futbolçulardan ibarət "Qarabağ"ın baş məşqçisi kimi "Rusenborq" zəfəri ilə bacarmışdı.