
Qoca Fernandu Santuşa fikir verməyin, sələfləri Berti Foqts və Canni De Byazi kimi, nağıllar danışır. Komanda uduzur, "Millidə inkişaf görürəm" deyir, özündən reytinqcə zəif komanda ilə heç-heçə edir, "Yaxşı oynadıq, bircə qol çatmadı" söyləyir.
Sadəcə, dinləyənləri fərqlidir - Sərxan Hacıyev az idi, Cahangir Fərəcullayev də ona qoşulub. Rövşən Nəcəf isə baxır bu halətə, bilmir nə etsin. Bildiyi odur ki, yenə Santuş nağıl danışacaq, ona görə də millinin heç bir səfər oyununa getmir.
Santuşdan fərqli olaraq, kapitan Emin Mahmudov və hücumçu Mahir Emrelinin Latviya ilə yoldaşlıq görüşündən sonra verdikləri açıqlamalar bəzi məqamlar üzərində düşünməyə əsas verir.
Mahmudov ərz edir ki, Latviya ilə qarşılaşmada kompakt müdafiə üzərində iş gedib. Bu da sentyabrda D qrupunda start götürəcək dünya çempionatının seçmə oyunları ilə əlaqədardır. Yəni, Fransa, Ukrayna, İslandiya kimi Avropa və dünya çempionatı görmüş rəqiblərlə qarşılaşmalarda müdafiədə "ətdən çəpər çəkmək" lazım gələcək. Bu səbəbdən, 5-3-2, yəni, 5-li müdafiə taktikası ilə çıxış edəsi olublar.
Yoxsa millini növbəti faciələrin gözlədiyinin fərqindədirlər. Alqışlansın, məsələyə realist baxmaları təqdirəlayiqdir.
Foqtsun ultramüdafiə taktikası yadınızdadırmı? Futbolçuların hamısı yığışırdı yazıq Kamran Ağayevin başına, qol vurmağı yox, mümkün qədər az top buraxmağı düşünürdülər. Yalnız bir dəfə - Belçika ilə səfər oyununda 4 top (1:4) və bir dəfə - Almaniya ilə səfər matçında 6 top (1:6) buraxdılar. 2014-cü ilin oktyabrında Xorvatiyaya 0:6 hesablı səfər məğlubiyyəti isə Foqtsun istefası ilə nəticələndi.
Amma bununla belə, həmin vaxt Azərbaycan millisi hərdən hücuma çıxır və ələ düşən azsaylı imkanlardan maksimum istifadə edə bilirdi. Hücumda Rauf Məmmədov, Vaqif Cavadov kimi ifaçılar, uzaqdan, standart vəziyyətdən, baş zərbəsi ilə, hətta künc zərbəsindən birbaşa qol vuran oyunçular var idi.
İndi isə elə Mahmudovun özündən 15-ci qolu vurub, millinin bombardirləri siyahısında, nəhayət, Qurban Qurbanovu keçəcəyi günü gözləyirik, amma Allahın penaltisini də qazana bilmirik. Hücum xəttində ümidimizi bağlamışıq bircə Mahir Emreliyə. O da Latviya ilə oyunda 2-3 metrdən topu qapıya vura bilmir. Sonra da özünə haqq qazandırır ki, bu, sadə epizod deyil, yanımda rəqibin müdafiəçisi və qarşımda qapıçı var idi. Elə ona görə də topu vurdu iki qapı hündürlüyündə göyə.
Sanki reqbi, amerikan futbolu oynayır, nə qədər yuxarıdan vursa, milli komanda daha çox xal alacaq.
Emrelinin fikrincə, sadə epizod "Qarabağ"ın Çempionlar Liqasının qrupuna düşdüyü 2017-ci ildə Danimarka "Kopenhagen"i ilə Bakıdakı oyunda olub. Həmin vaxt qapı dirəyindən qayıdan topu o, boş qapıya göndərərək, komandasına qələbə qazandırmışdı.
Bir məsələyə də toxunub. Deyib ki, millidəki oyunçularla klubdakı futbolçular bir deyil. Hər nə qədər "başqa cür başa düşülməsin" söyləsə də, sözünün canı odur ki, klubdakı futbolçularla daha yaxşı anlaşır, nəinki millidəkilərlə. Anlaşma da yalnız bütün günü bir yerdə məşq etməklə deyil, həm də ustalıq səviyyəsinə bağlı olan məsələdir. Gərək, hücumda oynayanlar sənə yaxşı ötürmə versinlər ki, sən də klubdakı qollardan millidə də vurasan.
Tutaq ki, millidəki futbolçular səni topla təchiz edə bilmirlər, onların ustalıqları aşağıdır, yaxud anlaşmanız düzgün qurulmayıb. Bəs öz ustalığın hardadır? 2-3 metrdən topu həvəskar futbolçu kimi göyün yeddinci qatına vurmağın ustalıqla hansısa əlaqəsi varmı?
Baxıram, millidə indiyədək 6 qol vurub. Onun 2-si yoldaşlıq görüşləridir. Yalnız 2019-cu ildə 2 dəfə fərqlənə bilib. Onun da biri Macarıstana Bakıda 1:3 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə oyununda qeydə alınıb. Söz vaxtına çəkər, düz 6 il əvvəlin elə bu günündə - 8 iyunda.
Hə, Toral Bayramov da danışıb. Həm millidə sonuncu qolların müəllifi, həm də "Qarabağ"da avrokuboklarda son qolu vuran yerli futbolçu. Onun dediklərindən çox etdiyi hərəkət - oyundan sonra azarkeşə formasını verməsi diqqətçəkən olub. Səbəbini də belə izah edib ki, əziyyət çəkib Riqaya gəliblərsə, onlara dəyər vermək lazımdır.
Lakin azarkeşə formadan çox oyun, qol və nəticə lazımdır.
Allah betərindən qorusun!