
Murad Əliyev, Yurd.media
...Qonşularımız siçan boyda iş gördükdә biz yatmışdıq. Sonra onların işi böyüyüb, keçi boyda olanda da biz yatmışdıq. Sonra onlar eşşәk boyda işlәr görmәyә üz qoydular, biz yenә yatmışdıq. Qonşularımızın eşşәk boyda olan işi, irәlilәyib camış yekәlikdә oldu. Amma biz yatmışdıq. Vә camış dönüb dəvә olanda da biz yatmışdıq. Biz ançaq o vaxt oyandıq, nə vaxt ki, qoşunlarımız fil boyda iş görmәyә başladılar.
Qәrəz, gözümüzü ovxalayıb dedik ki, nә var, biz dә o boyda işlәr görә bilәrik vә başladıq fil boyda işlәr görmәyә.
Axırı nә oldu?
Axırı belә oldu:
Filin bir ayağını qayırmamış yoruluruq vә durub qaçırıq. Sonra utanırıq, deyirik, gәlin tazadan başlayaq. Ancaq burasını iqrar elәyim ki, filә gücümüz çatmır. Deyirik ki, ondan balacasını qayıraq. Fildәn balaca nәdir? Әlbәttә dəvә. Qәrar qoyuruq ki, dәvә boyda qayıraq. Başlayırıq. Amma yenә dәvәnin ayağı tamam olmamış yorulub qaçırıq. Sonra yenә yığılırıq, deyirik ki, dәvә iridir, ondan balacasını başlayaq. Ondan balaca nәdir?
Çamışdır. Başlayırıq camış boyda iş görmәyә, lakin camışa da gücümüz çatmır. Aşağı enirik (һalbuki, qonşular fildәn yuxarı çıxırlar). Deyirik ki, eşşәk boyda iş görәk, amma eşşәk dә bizә güc elәyir.Tuturuq keçini, gorürük ki, yox, keçiyə də tab gətirə bilmirik. Onda məsləhəti qoyuruq siçan üstünə.
Amma onda görürsən ki, içimizdən bir pişik çıxdı və siçanı yedi...
Biz belə iş görürük.
Üzeyir Hacıbəyli: Biz necə iş görürük?
“Tərəqqi”, 1908
Hər il mayın sonları bütün dünyanın gözü Çempionlar Liqasının final oyununda olur. Bu futbol bayramı dünyanın ən yaxşı klubunu müəyyənləşdirir, qalib gələn komandanın da futbolçularının ilin ən yaxşısı seçilmək şansı daha çox olur. Çempionlar Liqasının simvolu top şəkilində təsvir olunmuş ulduzlardır. Biz də illərlə Yer kurəsindən göydəki əlçatmaz ulduzları seyr etdiyimiz kimi mavi ekranlardan bu futbol ulduzlarının yaşatdığı bayrama baxıb feyziyab olmuşuq. Ta ki dünənə kimi... Bir də ayıldıq ki, bu fəzadaki ulduzların içində bütün qonşularımızın uşaqları var.
Çempionlar Liqasının dünən Münhendə keçiriləcən finalında qarşılaşan PSJ ilə “İnter”in heyətində Azərbaycana qonşu olan 5 ölkənin hər birindən futbolçu vardı. PSJ-dən Xviça Kvaratsxeliya (Gürcüstan) və Matvey Safonov (ehtiyyat qapıçı, Rusiya), “İnter”dən Hakan Çalxanoğlu (Türkiyə), Mehdi Taremi (İran) və Henrix Mtixaryandan (Ermənistan)...

Buna qədər də dəfələrlə finallarda rus və türkiyəli futbolçular görmüşdük, amma əski və yeni "böyük qardaş"lardı deyib də özümüzə təsəlli verirdik, onlara azarkeşlik edirdik. Bu il isə sanki bizə görk olsun deyə finaldakı komandaların heyətində həm Qafqazlı, hətta futbol ölkəsi sayılmayan asiyalı qonşumuzun da təmsilçisi oldu.
Bəs biz Çempionlar Liqasının finalına qədər addımlamış bu futbolçuların yetişdiyi illərdə nələr etmişik? Dahi Üzeyir bəyin dediyi kimi, başlamışdıq fil boyda işlərdən. Neft qiymətlərinin gəl-ha-gəl deyən vaxtlarında Toni Adamsları, Berti Foqtsları gətirib böyük futbolda izi olanlara toxunmağın eyforiyasını yaşadıq, bir mövsümdə 2 klubumuzun Avrokubok qruplarına vəsiqə qazanmasını fəxrlə yazdıq. Bəs həmin dalğa çəkiləndən sonra sahildə qalan nə oldu? Qurban Qurbanovun illərlə yaratdığı komanda və onunla öluvay rəqabət aparan “binəqədilər”, “səbaillər”...
Yaxşı, bəs illər əvvəl bəh-bəhlə təqdimatını etdiyimiz bir neçə futbol akademiyası nə iş görüb? İstər Bakıda sökülüb yerində göydələnlər tikilən akademiya olsun, istər digərləri hansı futbolçunu yetişdirib Avropa arenasına çıxarmağı bacardı?
Oturub müstəqillik dövrümüzün pis-yaxşı fərqlənmiş bütün futbolçularını sadalayanda heç bir xüsusi akademiyası-falan olmayan bölgələrimizdə yetişdiyini görürük. Bir bir həmin futbolçuların adlarını çəkib rayonları sadalamaq istəməzdim, mənim kimi 40+ yaşı olan kiminlə danışsaz əzbər sadalayar. Bəs, onda ağır 90-larda, nisbətən çətin 2000-lərin əvvəlində bölgələrdə yetişən futbolçuların izi ilə normal futbol bazası yaratmaq olmazdımı?
Cənablar, belə görünür ki, artıq siçan boyda işlər görməyin vaxtı yetişib.
Bu ilin əvvəli qəşəng bir sənədin - “Futbolun İnkişafı Strategiyası”nın təqdimatı edildi. Elə sistemli tərtib olunmuşdu ki, adam oxuduqca oxumaq istəyirdi. Amma gözəl yazı-pozunu hamımız bacarırıq, əsas illər sonra bunun nəticəsini görməkdir.
Hələlik isə son dövrlərdə yalnız bir nümunəni qeyd edə bilirəm - Futbolun İnkişaf Fondunun vasitəçiliyi ilə "Mingəçevir" futbol klubu ilə ASTA (Azerbaijan Sport Talents Academy) arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Bəyan olunub ki, Mingəçevirdə bölgə futbolunun uzunmüddətli inkişaf planı hazılanıb, gənc kadrların yetişdirilməsi həyata keçiriləcək.
Bizim də 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə arzumuz bölgələrimizdə tozlu-torpaqlı küçələrdə top qovan istedadlı balalarımızın seçilərək düzgün hazırlanmasıdır. Bəlkə indi bu işə başlasaq 2040-cı il Çempionlar Liqası finalında Badrinin öz Xviçasından gördüyü sevinci Azər də öz oğlundan görər...

Qeyd: materialda istifadə olunan fotolar süni intellektin məhsuludur, real çəkiliş deyil