
Elşən MƏMMƏDOV
2025/2026 mövsümündə "Araz-Naxçıvan" avrokuboklarda debüt edəcək, amma klubun faktiki rəhbəri Zaur Axundov üçün bu, ilk sınaq olmayacaq. O, "İnter", "Keşlə" kimi klubların rəhbəri kimi də qitəmiqyaslı oyunlarda iştirak edib. Amma yəqin ki, coğrafi baxımdan özünə doğma olan komandada qələbəni daha çox arzulayacaq.
"Araz-Naxçıvan"ın heyətinin vacib üzvlərini qoruyub saxlaması yaxşı haldır. Bu, komandanın Konfrans Liqasında uğurlu çıxışı üçün vacib şərtdir. Uyğun rəqib düşsə, keçə bilərlər.
Yoxsa əvvəllər bir çox klubumuzun avrokubok oyunu öncəsi heyətini büsbütün dəyişməsinin acı fəsadlarını çox görmüşdük. Son belə nümunə "Qəbələ"nin 2022/2023 mövsümündə Azərbaycan Kubokunu qazandıqdan sonra bütün futbolçularını pərən-pərən salması və avrokuboklara yarımcan heyətlə gedərək, Kiprin "Omoniya" komandası ilə hər iki oyunda uduzması olmuşdu.
"Araz-Naxçıvan"la bağlı da bu narahatlıq artıq aradan qalxmaqdadır. Düzdür, mövsümün sonuna yaxın baş versəydi, daha yaxşı olardı. Amma yenə də itiriləcək bir şey yoxdur, baş məşqçidən tutmuş futbolçularadək yeni müqavilələr bağlanılır, bu gün də ilk transfer edilib.
Komandanı indiyədək rəsmən Vadim Abdullayev tərk edib. Bu, ciddi ayrılıq sayılmasa da, müdafiəçi İqor Ribeyronun mümkün gedişi komandaya ciddi təsir edə bilər. Çünki Ribeyro ötən mövsüm Azərbaycan Premyer Liqasının ən yaxşı mərkəz müdafiəçisi sayılırdı.
Amma əvəzində israilli pleymeyker transfer olunub. 24 yaşlı oyunçu ilk dəfə legioner həyatı yaşayacaq, amma “Makkabi" (Tel-Əviv), “Beytar" (Tel-Əviv), “Hapoel" (Hayfa) kimi klublarda çıxış etməsi onun səviyyəsindən xəbər verir. Düzdür, "Makkabi"də o, az çıxış edib, amma son iki mövsümü “Makkabi" (Netaniya) komandasında ümumilikdə 54 oyuna 7 qol və 5 məhsuldar ötürmə müəllifi olub.
Bir sözlə, Kohenə ortabab klubun ortabab futbolçusu da demək olar. Amma "Araz-Naxçıvan"da aparıcı futbolçuya çevrilmək imkanlarından yararlanmaq üçün fürsəti yetərincə olacaq. Bunu qarşıdakı zaman göstərəcək. Yetərincə ayrılan zaman...