Elşən MƏMMƏDOV
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Səbail" üzərində 1:0 hesablı qələbə qazandıqları Azərbaycan Premyer Liqasının XXXIV tur matçından sonra mətbuat konfransında maraqlı məsələyə toxunub.
O, yaxın keçmişə nəzər salaraq bildirib ki, hazırda Fransanın PSJ klubunun heyətində Çempionlar Liqasının finalına hazırlaşan Xviça Kvaratsxeliya vaxtilə Gürcüstan millisində Azərbaycan yığmasına qarşı oynayıb və o matçda bizim komanda qələbə qazanıb.
Araşdırdıqda məlum oldu ki, həmin oyun 2018-ci noyabrın 17-də Tbilisidəki Mixail Mesxi adına stadionda keçirilib. Azərbaycanın U-19 millisi Avropa çempionatının ilkin seçmə mərhələsində Gürcüstanla qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrılıb. O vaxt qrupda mübarizəni İsraildən sonra 2-ci pillədə başa vuran milli elit-raunda yüksəlib.
Azərbaycan yığma komandalar səviyyəsində son illər yalnız həmin vaxt mərhələ adlamağa müvəffəq olmuşdu.
Gürcüstan U-19 yığmasının start heyətində Kvaratsxeliya da oynayıb. Həmin vaxt o, "Rustavi"nin futbolçusu idi.
Qapıçı Giorgi Mamardaşvili isə ehtiyatda qalmışdı. O vaxtlar Tbilisi "Dinamo"sunun üzvü idi.
Azərbaycan millisinin qollarını Toral Bayramov və Zahid Mərdanov vurmuşdu. Vüqar Məmmədin baş məşqçi olduğu komandada Elvin Cəfərquliyev də oynayırdı.
Təəssüf ki, həmin qalib komandanın heç bir futbolçusu hazırda legioner həyatı yaşamır. Əvəzində Kvaratsxeliya "Napoli"ni bəyənməyib PSJ-yə keçir, Mamardaşvili isə "Valensiya"nın heyətində La Liqada oynayır və Avropada üzdə olan qapıçılardandır.
O uğurların davamı gətirilsəydi, bu gün Toral Bayramov və Elvin Cəfərquliyev də Avropanın aparıcı klublarında oynayacaqdı. Azərbaycan millisi də D divizionuna düşməyin dərdini çəkməyəcəkdi...
Doğrudan da görün, onlar hardadır, biz harda?