
Böyük şəhərin tək, amma "Neftçi" və "Sabah"la müqayisə olunacaq dərəcədə geniş infrastruktura malik komandası Vaqif Cavadovla yollarını ayırdı.
Qərarı birmənalı qarşılamaq çətindir. Bir tərəfdən, Cavadov "Sumqayıt"ı çətin vaxtda götürüb Premyer Liqada saxlamağı bacardısa, özü də bunu elitada iş təcrübəsi olmaya-olmaya etdisə, digər tərəfdən, o cür imkanlar qarşılığında klubun hədəfi bu olmamalı idi.
Amma məncə, istefa təkcə bu amillərlər bağlı deyil. Cavadovun mətbuat konfranslarındakı uzun-uzadı açıqlamalarına qulaq asdıqca belə fikrə gəlirdin ki, sanki o, jurnalistlərdən "Xahiş edirəm, dəstək verin, burda qalım, yaxşı olacaq" kimi xahişlər edirdi. Və yersiz fikirlərə də həddən artıq meylli idi.
Elə dünən dediyi "Mənim işimə qiymət vermək üçün Pro kateqoriyan olmalıdır", "Bu mesajım rəhbərliyədir" kimi fikirlər yersiz görünürdü. Baş məşqçinin rəhbərliyi tənqid etməsinin acı sonluğunu Cavid Hüseynovun timsalında görmüşdük. Heç olmasa, Vaqif Cavadov bundan dərs çıxarmalı idi.
İstənilən halda, bir həqiqət dərk olunmalıdır: "Sumqayıt" artıq böyük klubdur! Avropa səviyyəli arenada rəqiblərini qəbul edir, əlavə olaraq, 1000 və 2000 nəfərlik təbii örtüklü tribunalı stadiona, bir neçə süni örtüklü meydançaya, futbolçular üçün qalmağa şəraiti olan baza və daha nələrə malikdir.
Tam üzbəüzdə yerləşən "Azərikimya"dan ilham alırdılar, indi də onlara "Socar Polymer" qoşulub. Hələ mən ayrı-ayrı irili-xırdalı sponsorları demirəm. Üstəlik, klubun Riad Rəfiyev kimi geniş əlaqələrə, ən tanınmış futbolçuları belə ölkəyə gətirmək qabiliyyətinə malik prezidenti var.
"Sumqayıt"ın ortabab büdcəsinin olduğunu da deyə bilərik.
Heyətdə də bəzilərini çıxsaq, normal futbolçular var idi. Hətta bəziləri milli komandalara da cəlb olunurdu.
Bu halda, niyə "Sumqayıt" "planka"nı aşağıdan götürməlidir, böyük hədəflər uğrunda mübarizə aparmamalıdır?
Vaqif Cavadovu istefaya göndərən klub qat-qat artıq bacarığa malik baş məşqçi gətirməlidir. Aparıcı futbolçularını komandada saxlamaqla bərabər səviyyəli yerli və legioner futbolçular transfer etməlidir.
Bu komanda məhdud imkanlarla avrokuboklarda çıxış edib. Daha yaxşı nəticələri isə irəlidədir.