Elşən MƏMMƏDOV
Şimali Makedoniyada bir dənə düz-əməlli stadion ola, ya olmaya. O da bu gün "Şkendiya"nın "Qarabağ"a qarşı keçirəcəyi Skopyedəki Toşe Proeski Milli Arenasıdır.
Bu stadionda 2016-cı ildə "Şkendiya" və "Neftçi" arasındakı Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşünü izləmişik. Həmin vaxt arena Filip II Makedonskinin adını daşıyırdı. Hər halda UEFA-nın saytında belə yazılırdı.
2019-cu ildən isə stadiona 26 yaşında ikən avtomobil qəzasında dünyasını dəyişmiş makedoniyalı müğənni, Avroviziya-2004 Beynəlxalq Musiqi Yarışmasının iştirakçısı Toşe Proeskinin adı verilib. Nəyə görə məhz bura? Çünki Proeski 2004-cü ildə 35 min nəfərlik arenada möhtəşəm konsert proqramı ilə çıxış edib.
Skopye stadionunda oynamayan komanda yoxdur: "Vardar", "Rabotniçki", Makedoniya millisi...
"Şkendiya" isə paytaxtdan 45 km aralıdakı Tetovo şəhərini təmsil edir. Tetovoda milliyyətcə albanlar çoxluq təşkil edir, klubun sahibi Lazim Destani də albandır, komandanın formasında reklam etdirdiyi "Ecolog" şirkəti onun oğlu Nazif Destaniyə məxsusdur. "Ecolog" "Şkendiya"nı 2013-cü ildə himayəyə götürdükdən sonra klub 46 illik tarixindəki 5 çempionluqdan 4-nü, eləcə də 2 dəfə Makedoniya Kubokunu qazanıb. Bu mövsüm isə Çempionlar Liqasının II təsnifat mərhələsində Rumıniya FCSB-sini üstələyərək, ilk dəfə avrokubokların əsas mərhələsinə vəsiqəni təmin edib.
"Şkendiya"nın "Neftçi" ilə Bakıdakı ilk oyunu qolsuz tamamlanmışdı. Buna görə də Makedoniya komandası cavab görüşünə mərhələ keçmək ümidi ilə çıxmışdı. Elə də alındı. İlk yarıda klubun əfsanəsi Besart İbrahiminin vurduğu qol oyunda yeganə oldu. İbrahimi indi də "Şkendiya"dadır, dekabrda 39 yaşı olacaq. Bəlkə də komanda yoldaşları onun bu yaşında da oynamasından ruhlanaraq, yüksək əzmkarlıq göstərirlər. O vaxt da "Neftçi"ni döyüşkənlik hesabına məğlub etdilər.
Elə ikinci hissədə "Neftçi"nin makedoniyalı legioneri Vançe Şikov da başqa cür döyüşkənliyinə görə qırmızı vərəqə aldı və komandasını azlıqda qoydu. Beləliklə, "Şkendiya" tarixində ilk dəfə avrokuboklarda III təsnifat mərhələsinə yüksəldi.
Bu məğlubiyyət hamıya pis təsir etmişdi. Həmin vaxt "Neftçi"nin baş məşqçisi Vəli Qasımov idi. Oyundan sonra Bakıda hava limanına enən kimi "Forza Neftçi" azarkeş qrupunun fəalları komandanın qarşısını kəsib futbolçulara dişlərinin dibindən çıxanı dedilər. Hətta komandanın avtobusunu hərəkət etməyə qoymurdular, maşının qabağında çömbəlib oturmuşdular.
Onlardan birinin Vəli Qasımova dediyi söz hələ də yadımdadır: "Vəli müəllim, siz əfsanəvi futbolçu olmusunuz, fəxrimizsiniz. Amma "Neftçi" kimi komandanın baş məşqçisi olmağa layiq deyilsiniz. Xahiş edirəm, istefa verin, gedin".
Klub rəhbərliyinin xahiş-minnətindən və tədbir görüləcəyinə dair zəmanətindən sonra azarkeşlər avtobusu buraxdılar.
2020-ci ildə "Şkendiya" "Sumqayıt"a da rəqib oldu. Avropa Liqasının I təsnifat mərhələsinin oyunu idi, pandemiya ilində keçirildi, UEFA-nın qərarı ilə bir oyunluq və azarkeşsiz oyun oldu. Qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşdı.
"Qarabağ" "Şkendiya" ilə ilk dəfə qarşılaşacaq, amma Azərbaycan klublarından üçüncüsü olacaq. Şimali Makedoniya təmsilçisi bu dəfə də tarix yazır. İlk dəfə ən azı Konfrans Liqasının Liqa mərhələsini təmin edib. İndi də "Qarabağ"ı keçərək, Avropa Liqasının, daha sonra "Lüdoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) cütünün qalibini üstələməklə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqəni təmin etmək istəyirlər.
"Qarabağ" qalib gəlsə, "Şkendiya"nı məğlub edən ilk Azərbaycan klubu olacaq.
Bəli, "Şkendiya" 9 ildir bizim üçün məğlubedilməz komandadır...