
Elşən MƏMMƏDOV
2025/2026 mövsümündə UEFA Çempionlar Liqasının final oyunu Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.
"Qarabağ" "Ferentsvaroş"u keçməklə, Macarıstanı 2026-cı il mayın 30-dək Çempionlar Liqasız qoydu.
Özü isə ən azı 2026-cı il yanvarın 28-dək mübarizəyə davam edəcək.
"Ferentsvaroş" Liqa mərhələsinə yüksəlsəydi, 22 000-lik "Groupama Arena"da yox, 70 min tamaşaçı tutumuna malik final stadionu "Puşkaş Arena"da oynayacaqdımı?
Tofiq Bəhramov adına Respublika stadionu 12 ildir "Qarabağ"ın avrokuboklarda əsas mərhələ oyunlarına ev sahibliyi edir, UEFA Avropa Liqası və Konfrans Liqasının qrup, hətta pley-off və bir dəfə 1/8 final oyunlarını qəbul edib.
Bu stadionda oynayan da, stadiona qulluq edən də "Qarabağ"dır, "Qarabağ" əməkdaşlarıdır. Öz alın tərlərinin, halal zəhmətlərinin hesabına Çempionlar Liqasının Liqa mərhələsini haqq ediblər. Bu stadionun Liqa mərhələsinin oyunlarını da qəbul etməməsi ədalətsizlik olardı.
Tamaşaçılar da artıb-azalmayacaq: minimal bilet qiymətləri indiki kimi 5 manat olsa da, daha yuxarı məbləğə satışa qoyulsa da elə 32 min olacaqlar.
Məgər dünyaca məşhur müğənnilər, sənət adamları Bakıya gəlib Respublika Sarayında, Bakı Konqres Mərkəzində çıxış edəndə hamı gedib baxa bilir? Halbuki bu istəkdə olanların sayı bəlkə yüz minlərlədir.
Bakı Olimpiya Stadionunun yeri, yolu, hətta tribunadan oyuna baxma məsafəsi çox uzaqdır, özü də COP-29-dan çıxmış məkandır, gələn il də belə bir səviyyədə növbəti nəhəng tədbirə hazırlaşır. Guya 70 min tamaşaçını BOS-a doldurmaqla, məsələn, "Barselona"ya qarşı Çempionlar Liqasının oyunlarını izləmək istəyənlərin sayı tam tükənəcək?
Çox uzaq tarixə getməyək: Bir ay əvvəl - iyulun 27-də məşhur müğənni Castin Timberleykin BOS konsertini hamı canlı izləyə bildimi? Həmin gün neçə nəfər konsertdən kənarda qaldı? Halbuki bir bileti 100 manatdan aşağı məbləğə almaq mümkün deyildi.
Digər tərəfdən də çox maraqlıdır: "Qarabağ" bir dəfə Çempionlar Liqası, bir dəfə də Avropa Liqasının qrup oyunlarını BOS-da keçirib. Buna görə içi özümüz qarışıq nə qədər narazılıqların olduğunu hamımız xatırlayırıq. Amma indi elə özümüz deyirik ki, "Qarabağ" Liqa oyunlarını BOS-da keçirməlidir.
Hazırda ot örtüyünün yeri quru asfaltdan, qumdan, torpaqdan ibarət olan BOS-da!
O qərarlarda dolayısı ilə AFFA-nın da rolunun olduğu iddia edilərək, "top atəşi"nə tutulması nə tez unuduldu?
Yenəmi AFFA dövrəyə girdi?
Axı nəyə görə? Gələn il keçiriləcək böyük tədbir öncəsi xeyli xərc çəkib 4 ev oyunu üçün ot örtüyü salmaq və sonra da onu çıxarıb atmaq üçünmü? Böyük məbləğdə xərc və əziyyət çoxmu bizə lazımdır?
Lazım olsaydı, elə ikiqat dünya çempionu Fransa ilə oyunu BOS-a salardılar da...
Minbir əziyyətlə gedib BOS-da binoklla oyun izləmək vacibdir, yoxsa bir az artıq xərcə düşüb şəhərin mərkəzindəki Respublika stadionunda?
Öz aramızdır, Çempionlar Liqasının bu mərhələsi üçün 5 manat heç də adekvat qiymət deyil.
Qaldı ki, Respublika stadionuna, ot örtüyünü elə "Qarabağ"ın və arenanın fədakar əməkdaşları Liqa oyunlarınadək qaydasına salacaqlar!