
"Mən “udacağam” söyləməmişdim. Sadəcə, qalib gələcəyimə inam ifadə etmişdim".
Sportnet.az xəbər verir ki, bunu Macarıstanın "Ferentsvaroş" komandasının baş məşqçisi Robbi Kin Bakıda "Qarabağ"a 2:3 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.
"Rəqibin güclü komanda olduğunu bilirdim, amma nəticə əldə edəcəyimizə də inanırdım. “Qarabağ”ı qələbə münasibətilə təbrik edirəm. Biz hədəfə doğru irəliləyirdik, təəssüf ki, alınmadı", - irlandiyalı mütəxəssis əlavə edib.
Baş məşqçinin fikrincə, məğlubiyyət futbolda normal haldır: "Oyunçularım əllərindən gələni etdilər, onlar çox həvəsli idilər. Bəzən qalib gəlirik, bəzən isə uduzuruq – bu oyunun qanunauyğunluğudur. Təəssüf ki, bu dəfə çox sadə qollar buraxdıq".
O, komandanın sabiq futbolçusu, hazırda "Qarabağ"da çıxış edən Kadı Borges barədə də fikirlərini bölüşüb: "Kadi ilə çox vaxt keçirməmişəm, ona görə də dəqiq fikir söyləyə bilmərəm. Amma bizim də yaxşı oyunçularımız var. Məsələn, Keni Koski xəstə idi, onu misal gətirə bilərəm. Kadı da yaxşı oyunçudur, ona uğurlar arzulayıram".
Kin "Ferentsvaroş"un qolunu emosional formada qeyd etməsi ilə bağlı sualı belə cavablandırıb: "Əlbəttə, emosional olmalıyıq. Siz də qol vuranda qeyd edirsiniz, hamı skamyadan qalxır, qaçır. Bəyəm sizin baş məşqçi qolları qeyd etmir? Siz istəyirsiniz ki, baş məşqçi robot kimi olsun? Futbolçular da, məşqçilər də emosional reaksiyalar verə bilərlər. Sadəcə belə sualları verəndə bir az düşünmək və ehtiyatlı olmaq lazımdır".
Onun sözlərinə görə, məğlubiyyət təkcə baş məşqçinin məsuliyyəti deyil: "Bu, komanda işidir və bu məğlubiyyətlərə kollektiv şəkildə yanaşmaq lazımdır. Biz diqqətimizi Avropa Liqasına yönəldəcəyik. "Qarabağ”ın sonrakı oyunları məni maraqlandırmır, mən fikrimi öz komandama verəcəyəm".