
Elşən MƏMMƏDOV
Azərbaycan Premyer Liqasında II turun "Qəbələ" - "Zirə" oyununda qolları yerli futbolçuların vurması sevindirici idi. Çoxdandır yalnız azərbaycanlı oyunçuların fərqləndiyi oyunlara şahidlik etmirdik.
Amma eyni zamanda oyundan sonra "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadzenin komandadakı azərbaycanlı futbolçularla bağlı dediyi bu sözlər həqiqətən də düşündürücü oldu: Bəzi futbolçularda təcrübə çatışmır. Onların 19-20 yaşları varsa, bir qədər zaman lazımdır. Komandamızda isə son zərbədə və ötürmədə əminlik, soyuqqanlılıq çatışmır. Hesab 1:0 xeyrimizə olarkən, nə qədər imkanımız var idi. Təəssüf ki, vurmuruq və hədiyyə kimi qollar buraxırıq. Eybi yox. Fikrimcə, ən əsası, komandamızda hərəkətlilik, oyun var. Ümidvarıq ki, get-gedə təcrübə də toplayacağıq".
Gürcüstanlı mütəxəssisin 19-20 yaşlı futbolçuların təcrübəsizliyindən söz açarkən, kinayəli gülümsəməyi də diqqətdən yayınmadı. İroniyasının səbəbi bəllidir və təkcə "Qəbələ"nin "saqqallı uşaqlar"ına yönəlməyib. Belə yanaşma bütövlükdə bu yaşda da özünü təcrübəsiz sayan azərbaycanlı futbolçulara aiddir.
Baxın, İngiltərə Premyer Liqasında elə ilk turun oyunlarında "Arsenal"a penalti qazandıran 15 yaşlı Maks Doumana, 17 yaşının tamamına 4 gün qalmış "Liverpul"un qələbə topunu vuran Rio Nqumoaya.
O qədər uzağa baxmaq mümkün deyilsə, elə Xəzərin o tayındakı Qazaxıstana boylanın, "Kayrat"ın şərəfini qoruyan və təkcə Çempionlar Liqasında 7 oyuna 3 qol və 1 məhsuldar ötürmə müəllifi olan Dastan Satpayevə diqqət edin.
Daha yaxına gələrək, Gürcüstanda 24 yaşında Çempionlar Liqası və UEFA Super Kubokunu qazanan Xviça Kvaratsxeliyanın uğurlarına tamaşa edin.
Onların hamısı hücumçudur, yeniyetmə və gənc yaşlarında nailiyyətlər, titullar əldə ediblər.
Biz isə televiziya və saytlarda "Nəriman Axundzadə gəncdir, 21 yaşı var, Çempionlar Liqası üçün yetişməyib, "Qarabağ" legioner hücumçu almalıdır" deyirik.
Avropada bu yaşlarında futbolçuların ən azı 50 milyon avro qiymətləri olur, hamı istedadlarını görüb dalınca "sürünür". Bizdə isə gözləyirik ki, "təcrübə toplasınlar".
Bunu Tsxadadze bilərəkdən ironiya ilə deyir, çünki vətənində 18-20 yaşlı futbolçuların vaqonlarla xaricə üz tutmalarının şahidi olub.
Onlar bu yaşda zəngin karyera qurmağa tələsirlər, bizim "saqqallı uşaqlar" isə "təcrübə toplamağa"...