
"Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze evdə "Zirə"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının II tur matçından sonra mətbuat konfransı keçirib.
Sportnet.az-ın məlumatına görə, gürcüstanlı mütəxəssis oyunu dəyərləndirib:
- Çox yaxşı oyun alındı. Ustalıq qalib gəldi. Gənc futbolçularımızda soyuqqanlılıq çatışmırdı. Bunu əvvəlki oyunda da demişdim. Ən əsası, biz çox bezdirici qollar buraxırıq. Bəzi futbolçularda təcrübə çatışmır. Onların 19-20 yaşları varsa, bir qədər zaman lazımdır. Əlbəttə, "Zirə" çox güclü komandadır. Amma açığı, çox sevinirəm ki, belə bir səviyyədə - kombinasiyalı, sürətli oyun sərgilədilər. Komandamızda isə son zərbədə və ötürmədə əminlik və soyuqqanlılıq çatışmır. Hesab 1:0 xeyrimizə olarkən, nə qədər imkanımız var idi. Təəssüf ki, vurmuruq və hədiyyə kimi qollar buraxırıq. Eybi yox. Fikrimcə, ən əsası, komandamızda hərəkətlilik, oyun var. Ümidvarıq ki, get-gedə təcrübə də toplayacağıq.
- Ehtiyat oyunçuların azlığı barədə nə deyə bilərsiniz?
– Düz qeyd edirsiniz, ehtiyat heyət baxımından çatışmazlığımız var. Amma bu məsələ ilə idman tərəfi məşğul olur, biz isə əlimizdə olan oyunçularla işləyirik. Əlbəttə ki, istərdik daha çox futbolçumuz olsun, amma hazırda kim varsa, onlarla yolumuza davam edirik.
– Sanki Nicat Əliyevə irad bildirdikdən sonra o, qol vurdu...
– Nicat qolu özü vurdu, robot deyil ki, mən buradan idarə edim, o da gedib qol vursun. Sadəcə, lazımi anda lazımi nöqtədə oldu və fərqləndi.
– Məğlubiyyətin əsas səbəbi nə idi?
– Daha çox təcrübəsizlik deyərdim. Məsələn, “Zirə”nin müdafiəçiləri çox sadə oynayırdılar: topu çıxarmaq lazım idisə, çıxarırdılar. Bu da onların təcrübəli olduqlarını göstərirdi. Eşqin keçən mövsüm zədə səbəbindən oynamadı, amma perspektivli futbolçudur, ona inanırıq. Futbol səhvlər üzərində öyrənilir, amma daha yaxşı olardı ki, bunu başqalarının səhvlərindən öyrənəsən.
– Ümumilikdə komandanın çıxışını necə qiymətləndirirsiniz?
– Uşaqlar çox böyük enerji göstərdilər – həm aqressivlik, həm oyun baxımından. Amma gəncdirlər, çox çalışdılar, sadəcə nəticə belə oldu. Həyat davam edir. Zaman lazımdır. Biz gənc oyunçuların özünə daha çox inam qazanmasını istəyirik. Bu, psixoloji tərəfdir. Özünə inam artdıqca oyunçular da inkişaf edəcək. Əcnəbi oyunçulardan çox şey tələb etmək olar, amma əsas məqsəd öz futbolçularımızı inkişaf etdirməkdir.
– “Zirə” ilə müqayisə aparsaq…
– Onlar uzun müddətdir bir yerdə toplanmış komandadır. Rəşad müəllim də illərdir orada işləyir. Avroliqada iştirak ediblər, keçən mövsüm də səviyyəli futbol göstəriblər. Stabil komandadır və çempionatda ikinci, üçüncü yerlər uğrunda mübarizə aparırlar.
Biz isə sadə oynamalıyıq. Qolu özümüz-özümüzə gətirdik. “Karvan”la oyunda da bu baş vermişdi. Bunlar zamanla, təcrübə ilə düzələn şeylərdir.
– Komandanın onurğa oyunçularının saxlanılması barədə nə deyərdiniz?
– Görüşün əvvəlində də qeyd etmişdim, komandanın onurğasını saxlayırıq. Həmin oyunçularla davam edirik. Əlbəttə, mümkün deyil ki, 20 nəfəri göndərəsən, yerinə yeni 20 nəfər gətirəsən. Gətirdiyimiz oyunçulardan narazı deyilik, yaxşı futbolçulardır. Kim varsa, onlarla işləməliyik.
– Milli komandaya futbolçu göndərilməsi sizi sevindirirmi?
– Əlbəttə, nə qədər çox futbolçu göndərsək, bizim üçün bir o qədər yaxşıdır. Komandamızda əvvəl tanınmayan oyunçular vardı, məsələn, Şahin. Amma gəldi, özünü göstərdi və dəvət aldı. İstəyirəm ki, bizdən daha çox futbolçu milli komandaya getsin. Şahin Şahniyarovda bir müddət dayanma oldu, amma dayanmaq olmaz, irəli getmək lazımdır. Bu gün Şahini əvəzlənən Fərid İsgəndərov da özünü yaxşı tərəfdən göstərdi. Demək istəyirəm ki, rəqabət olduqca futbolçular inkişaf edir.