
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin püşkatma mərasimi start götürüb.
Sportnet.az xəbər verir ki, Monakoda keçirilən püşkatmada Azərbaycanı "Qarabağ" təmsil edir.
Mərasim Çempionlar Liqasının himninin canlı ifası ilə başlayıb.
UEFA prezidenti Aleksander Çeferin giriş nitqi ilə çıxış edərək, bütün 36 iştirakçı komandalara uğurlar arzulayıb. O, bütün turnirlərin qalibi olan İngiltərənin "Çelsi" klubuna xatirə plaketi də təqdim edib.
Daha sonra UEFA rəsmiləri və sabiq futbolçu Zlatan İbrahimoviçin iştirakı ilə yeni formatdan bəhs edən qısametrajlı film nümayiş olunub. Yeni format istəyən İbrahimoviç səhnəyə dəvət olunub və ona UEFA Prezidentinin mükafatı təqdim olunub. O, ən yaxşı qolunu İsveç millisinin heyətində İngiltərəyə vurduğunu açıqlayıb.
Püşkatmada iştirak edən daha bir sabiq futbolçu isə braziliyalı Kaka olub.
UEFA-nın texniki direktoru Corco Marketti yeni format və qaydalarla bağlı danışıb.
Daha sonra püşkatma başlayıb:
"Qarabağ"a I səbətdəki komandalardan Konfrans Liqasının son qalibi İngiltərənin "Çelsi" (evdə) və Çempionlar Liqasının 6 qat qalibi "Liverpul" (səfərdə) rəqib olub.
Azərbaycan təmsilçisi II səbətdəki komandalardan Portuqaliya "Benfika"sı (səfərdə) və Almaniya "Ayntraxt"ı (evdə) ilə qarşılaşacaq.
III səbətdən rəqiblər Niderland "Ayaks"ı (evdə) və İtaliya "Napoli"si (səfərdə) olub.
Nəhayət, IV səbətdən Ağdam komandasının bəxtinə İspaniya "Atletik Bilbao"su (səfərdə) və Danimarka "Kopenhagen"i (evdə) çıxıb.
Qeyd edək ki, ilk tur 16 - 18 sentyabrda olacaq. Oyunların təqvimi avqustun 30-da açıqlanacaq.
Qeyd edək ki, püşkatmada "Qarabağ"ı vitse-prezident Fevzihan Aras, Baş direktor və idarə heyətinin üzvü Emrah Çelikel, İdarə heyətinin üzvü Asif Əsgərov, Əməliyyatlar departamenti rəhbəri Fərid Ağayev, Komunikasiya departmentinin rəhbəri Anar Hacıyev təmsil edib.