
“Bu il çempionat ötən mövsümə nisbətən daha çətin keçdi. İlk "dördlük"də yer alan komandanın hər birinin çempionluq şansı var idi”.
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan Yüksək Liqasının qalibi olan kişi voleybolçulardan ibarət "Azərreyl"in baş məşqçisi Boris Qrebennikov jurnalistlərə açıqlamasında deyib.
Baş məşqçi komandasının heyətindəki oyunçuların ustalıq səviyyəsinin çempion olmaqda əsas rol oynadığının bildirib: “Finallar iki hissədən ibarətdir. Birinci hissədə 3 seti qazandıq. Yüksək səviyyəli oyunçular gəlib. Komanda finalda əla oyun sərgilədi. Yekunda qalib olduq. Çempion olmağa layiq idik".
Qrebennikov çempionluqla bağlı hələlik heç bir emosiya, eyforiyalarının olmadığını bildirib: "Şadıq ki, qalib gəldik. Rəqib çox güclü xarakterə malikdir. Buna görə də sonadək mübarizə aparırdılar".
Baş məşqçi gələn mövsüm üçün komandanın onurğa sütununu saxlamağa çalışacaqlarını diqqətə çatdırıb. "Mövsümün sonunda oyunçularımızdakı inkişaf göz önündədir. Çox maraqlı, perspektivli oyunçular var. Buna görə də onların saxlanılması üçün klub rəhbərliyi ilə birlikdə çalışacağıq".
Qeyd edək ki, "Azərreyl" "Murov Az Terminal"ı hər iki qarşılaşmada məğlubiyyətə uğradıb - 3:0, 3:1.