2019-2020–ci illərdə Azərbaycanda keçiriləcək yarış və turnirlərdə iştirak edəcək voleybol hakimlərinin seminarı keçirilib.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, seminar iştirakçılarını Hakimlər Komissiyasının sədri Vaqif Əliyev, Təhsil İdman İdarəsinin nümayəndəsi və hakimlər komissiyasının üzvü Çingiz Səmədov, ölkədaxili yarışlar üzrə koordinator Oqtay Musayev və beynəlxalq dərəcəli hakimlər Eldar Zülfüqarovla Zaur Hacıyev salamlayıblar. Onlar seminar iştirakçılarına yeni qaydalar haqqında məlumat verilər və sualları cavablandırıblar. Seminara 57 hakim qatılıb.
Seminarın sonunda hakimlər onlar üçün hazırlanmış test imtahanında iştirak ediblər. Testin nəticələrinə görə Hakimlər komissiyası hakimlərin təyinatını həyata keçirir.
Qeyd edək ki, bir neçə ildir Azərbaycanda keçirilən bütün yarışlara hakimlər, Azərbaycan Voleybol Federasiyasının hakimlər komitəsi tərəfindən təyin olunurlar. Federasiya hər il hakimlərin bilik və bacarıqlarını artırmaq üçün bu kimi seminarlar təşkil edir.