Elşən MƏMMƏDOV
Bu hal daha əvvəl güləş üzrə Avropa çempionatında baş vermişdi, indi də cüdoçuların analoji yarışında yaşanmaqdadır.
Guya işğalçı ölkəni sivil dünyadan təcrid ediblər, amma idmançılarını neytral statusu ilə nüfuzlu yarışa buraxırlar. Onlar da gəlirlər bir çox hallarda olurlar Avropa çempionu. Sonra da başlayır Rusiya bunu bayram etməyə ki, ölkəmiz bu qədər qızıl medal qazandı.
Düzdür, medal qazandıqdan, xüsusən Avropa çempionu olduqdan sonra işğalçı ölkənin bayrağı qalxmır, himni səslənmir. Bu hal bir-iki dəfə baş versəydi, diqqəti cəlb etməzdi.
Amma istər güləş, istərsə də cüdo üzrə Avropa çempionatında Rusiya idmançıları hətta qızıl medal qazanırlar. Bayraq və himn əvəzinə isə müvafiq beynəlxalq federasiyanın atributlarına müraciət olunur.
Elə az öncə cüdo 73 kq çəki dərəcəsində qızıl medalı Beynəlxalq Cüdo Federasiyasının (IJF) təmsilçisi kimi yarışan rusiyalı Danil Lavrentev qazandı, IJF-nin bayrağı qalxdı, IJF-nin himni səsləndi.
Lavrentevin udduğu cüdoçulardan biri Azərbaycan təmsilçisi Rəşid Məmmədəliyev idi. Yəni, Məmmədəliyev vətənsiz, ölkəsiz cüdoçuya uduzdu. Bu, nə deməkdir? Gülünc deyilmi?
Bunamı deyirlər Rusiyanı təcrid etmək? Təcrid edəndə UEFA kimi edərlər: Nə özünü yarışlarına buraxır, nə də komandalarını.
Kobud çıxsa da, demək lazımdır: Yarımçıq hamiləlik olmur! Ya Rusiya adı ilə yarışlara buraxmalısan, ya da ümumiyyətlə buraxmamalısan. İdmançılarına azad status verməli, istəsələr, başqa ölkəni təmsil etmələrinə şərait yaratmalısan.
Qoy, gedib başqa ölkəni təmsil etsinlər, Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili də gəlib qarşılarında yanıb-yaxılsın, güləşçisinə söz deyəndə sərt münasibəti ilə qarşılaşsın.
Yoxsa sən öz bayrağın altında Rusiya idmançılarının çıxış etmələrinə şərait yarat, onlar da gəlsinlər medal qazansınlar, başlasınlar sənə gülməyə ki, görürsən, bizdən güclüləri yoxdur, nə etsən də, yenə bizə möhtacsan.
Bunun adı yarımçıq ruspərəstlikdir. Edənlər isə "5-ci kolon" üzvləridir!