
Azərbaycan Premyer Liqası, I divizion və əvəzedicilərin çempionatında baş verən hakimlərlə bağlı qalmaqallar aşağı yaş qrupların oyunlarında da müşahidə olunur. Sportnet.az-ın məlumatına görə, bu dəfə U-19 və U-15 liqalarında futbolçular hakimləri təhqir edib.
U-19 Liqasının "Kəpəz" – "Xəzər Lənkəran" matçının 75-ci dəqiqəsində qonaqların futbolçusu Əli Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydanı tərk edərkən hakimlər briqadasını təhqir etdiyi üçün qırmızı vərəqə ilə cəzalanıb. AFFA-nın İntizam Komitəsi futbolçunu hərəkətinə görə 4 oyunluq cəzalandırıb.
U-15 Liqasının "Bakı" – "Zirə" matçının 68-ci dəqiqəsində isə paytaxtın eyniadlı klubunun futbolçusu Rəşad İsgəndərov hakimlər briqadasın təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.