"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev evdə İngiltərə "Nyukasl"ına 1:6 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az Azərbaycan təmsilçisinin yeganə qolunin müəllifinin müsahibəsini təqdim edir:
- Matçı necə dəyərləndirərdiniz?
- Birinci hissədə səhvlərimiz həddindən artıq oldu. Qapımızda bu qədər qol görməmək üçün müdafiədə daha yaxşı, daha kompakt, daha sadə oynaya bilərdik. Komanda sanki nokdaunda idi, ayağa qalxa bilmirdi. Səhvlər ard-arda gəlirdi. Futboldur, belə şeylər olur. Amma ikinci hissədə yığışdıq. Komanda yoldaşlarımızla danışdıq ki, özümüzə gəlməyimiz lazımdır, belə olmaz. Fasilədən sonra istəyirdik ki, irəli atılaq, fərqlənək. Bu, nə qədər alındı, nə qədər alınmadı, demək çətindir. Bura gələn azarkeşlərə bizi dəstəklədikləri üçün təşəkkürümüzü bildirirəm.
- "Şamaxı" və "İmişli" ilə oyunlarda üzləşdiyiniz meydança problemlərinin "Nyukasl"la matça təsiri oldumu?
- Əlbərtə, daha çox vaxt olsaydı, bu oyuna daha yaxşı hazırlaşa bilərdik. Stadionların durumundan danışmalı deyil. Həqiqətən də futbolçularımız çox yüklənmişdilər. Ümumiyyətlə, bu günlərdə sıx qrafiklə oyunlarımız çox oldu. Ara çox olsaydı, daha yaxşı hazırlaşardıq.
- "İmişli" ilə ötən oyununuzun təxirə salınmasını istəyirdiniz?
- İstəməzdik ki, hansısa oyunumuz təxirə düşsün. 3-4 gündənbir oynamağımız daha yaxşıdır ki, tempi öldürməyək. Avropa klubları da bu qayda ilə oyunlara çıxırlat. Belə qrafikə öyrəşmək lazımdır. Biz də öyrəşərik. Amma stadion baxımından bəzi problemlərimiz var. Həddindən artıq yüklənirik. Bu da öz təsirini göstərir.
- "Qarabağ" əvvəllər də belə səviyyədə rəqiblərə qarşı oynayıb, amma heç vaxt ilk hissədəki kimi görünməyib. Nə baş verdi: Bu, psixoloji cəhətdən idi, yoxsa yüklənmə var idi?
- Yüklənmə var idi, amma psixoloji cəhətdən heç problrmimiz yox idi. Rahat idik. Bəlkə də çox rahat idik deyə, belə şeylər oldu. Daha sadə oynasaydıq, bəzi qolları buraxmazdıq. Yenə də şükürlər olsun. Azərbaycan belə səviyyədə oyun gördü. Bu, Çempionlar Liqasının pley-off oyunudur. Müsbət haldır ki, bura gəlib çıxmışıq. Azarkeşlərə çox böyük ümid vermişik ki, onlar bizdən yenə də qələbə gözləyirlər. Bizim işimiz çox çətin, amma başa düşüləndir. Növbəti oyunlarda azarkeşləri sevindirərik.
- Hakimlik haqqında nə deyə bilərsiniz?
- Bu barədə ümumiyyətlə danışmaq istəmirəm. Haqsızlıq olmadığını düşünürəm.
- Cavab oyununa necə motivasiya olacaqsınız?
- Temp, azarkeş, stadion, saat və yol baxımından bizi üç qat çətin oyun gözləyir. Nyukasladək 6 saatlıq yolumuz var. Düşünürəm ki, ilk növbədə, özümüzü psixoloji olaraq düzəltməliyik. Digər tərəfdən, bərpamızı tezləşdirməliyik ki, cavab oyununda yaxşı çıxış edə bilək. Ən azından yaxşı oyun göstərək.
- Mümkün transferinizlə bağlı söz-söhbətlərə necə aydınlıq gətirərdiniz?
- Bu barədə danışmaq istəmirəm. Ümumiyyətlə, hələ elə bir şey yoxdur, bu gün "Qarabağ"dayam, xoşbəxtəm, mənim üçün hər şey yaxşıdır. Nə isə olsa, biləcəksiniz.
- Ardıcıl iki ev oyunudur ki, seçilirsiniz...
- Almaniya "Ayntraxt"ı ilə ötən ev oyunumuz uğurlu olmuşdu, bu dəfə uğursuz oldu. Təəssüflər olsun. Amma yenə də qürurluyam ki, Çempionlar Liqasında növbəti qolu vuran azərbaycanlı futbolçuyam. Heyf. qələbə və ya yaxşı nəticə olsaydı, çox sevinərdim. Amma hər halda, özümə görə sevinirəm.
Haşım MƏMMƏDOV










































































