Sportnet.az “Neftçi”sinin baş məşqçisi Yuri Vernidubun Sport.ua-ya müsahibəsini təqdim edir:
– Yeni şəraitə artıq öyrəşmisiniz? Azərbaycan futbolunda işləmək necədir?
– Əlbəttə, öyrəşmişəm. Səhər saat yeddidə oyanıram, qəhvə içirəm, maşına minib bazaya gedirəm. Artıq saat 8:00–8:30-da yerimdə oluram. Günün böyük hissəsini bazada keçirirəm. Mənim günüm futbolla bağlıdır, yalnız axşam evə qayıdıram.
Azərbaycanda işləmək digər yerlərdən fərqlənmir. Futbol hər yerdə eynidir: maraqlı və eyni zamanda məsuliyyətlidir, öz xüsusiyyətləri də var. İstərdim ki, hakimlik daha yaxşı olsun, amma nə varsa, odur. Son oyunlardan birində az qala özümü saxlaya bilmədim, amma heç nə demədim. Mənim üçün əsas olan komandamın oyunudur. Qalanını başqaları şərh etsin.
– “Neftçi” kimi zəngin tarixə malik bir kluba gəlmisiniz. Amma hazırkı mövqeyə görə çempionluqdan danışmaq çətindir. Komanda indi hansı hədəflərə oynayır?
– “Neftçi”yə gələndə məqsəd komandanın nəticələrini yaxşılaşdırmaq və maksimumunu əldə etmək idi. Heç bir yeni futbolçu götürməmişəm – mənə əvvəlki heyət qaldı. Deyə bilərəm ki, uşaqlar yaxşı hazırlanıb, texnikalı və sürətlidirlər. Hələ də medal şansımız var, çünki qarşıda on oyun var. Axıra qədər mübarizə aparacağıq. İstəyirik ki, mümkün qədər yuxarı pillələrə qalxaq və avrokuboklara vəsiqə qazanaq. Mən gələndə ilk dördlüklə fərq böyük idi, indi isə azalıb. Mübarizə aparacağıq, zaman göstərəcək.
– Komanda ilə tez ünsiyyət qura bildiniz?
– Şükürlər olsun ki, bu baxımdan hər şey yaxşıdır. Futbolçular hər şeyi başa düşür, verilən tapşırıqları yerinə yetirirlər. Onların işə münasibəti xoşuma gəlir. Mövsümün sonunda isə harada olduğumuzu görəcəyik.
– Bildiyimizə görə, komandada həmyerlilərinizdən yalnız Andrey Ştoqrin var. Başqa ukraynalı futbolçular varmı?
– Hələ ki, yoxdur. Görmək istədiyim futbolçular buraya gəlməz – onların yaxşı müqavilələri var və güclü klublarda oynayırlar. Mənə təklif olunanları isə yaxşı tanıyıram, onlar mənə lazım deyil.
– Oğlunuz Vitali də məşqçiliyə başlayıb. Onun işi necə gedir?
– Hər şey yaxşıdır, Allaha şükür. O da “Neftçi”nin məşqçilər heyətində çalışır. Öz vəzifələrinin öhdəsindən gəlir.
– Həyat yoldaşınız sizinlədir?
– Bəli, Bakıda yanımdadır. Məni gözləyir, şam yeməyi hazırlayır. Həmişə evdə yemək yeyirəm. Lesya ilə birlikdə oturub söhbət edirik, sonra dincəlib yatırıq. O da yeni mühitdə özünü yaxşı hiss edir. Onun üçün əsas odur ki, Bakı sakit və təhlükəsiz şəhərdir. Vaxt tapıb şəhərdə gəzir, Bakı çox xoşuna gəlir.
– Ukraynadakı hadisələri izləyə bilirsiniz?
– Əlbəttə. Hər gün xəbərləri oxuyuruq. Çox ağrılıdır. Bu mənasız müharibə çox böyük faciələr gətirib. Qardaşım oğlunun həyat yoldaşı artıq iki ildir müharibədədir. Drujkovka, Konstantinovka tərəfləri çox təhlükəlidir. Onlarla daim əlaqədəyik. Bu yaxınlarda danışdıq, dedi ki, ön cəbhədə maşınları vurulub. Mən də onlar üçün “Nissan Navara” pikapı alıb göndərdim. Şükür ki, alıblar, hər şey qaydasındadır.











































































