Türkiyənin "Qalatasaray" klubu ciddi itki ilə üzləşib.
Sportnet.az xəbər verir ki, komandanın hücumçusu Viktor Osimhen İngiltərədə "Liverpul"a qarşı UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə aldığı zədə səbəbindən sıradan çıxıb.
Hadisə matçın 8-ci dəqiqəsində baş verib. Nigeriyalı forvard rəqib müdafiəçi İbrahima Konate ilə mübarizə zamanı əlindən zədə alıb. İlkin tibbi yardımdan sonra oyunu davam etdirən Osimhen fasiləyə qədər meydançada qalsa da, ikinci hissəyə çıxmayıb.
Klubun yaydığı məlumata görə, futbolçu oyundan sonra xəstəxanada müayinədən keçirilib və onun sağ qolunun ön hissəsində sınıq aşkarlanıb. Artıq oyunçunun qoluna gips qoyulub.
Osimhenin zədəsinin nə qədər ciddi olduğu və yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik dəqiqləşməyib. Bununla belə, onun bir müddət komandasına kömək edə bilməyəcəyi dəqiqdir.
Qeyd edək ki, cavab qarşılaşmasında “Qalatasaray” rəqibinə 0:4 hesabı ilə məğlub olaraq Çempionlar Liqası ilə vidalaşıb.











































































