"Rəqibi layiqli qələbə münasibətilə təbrik edirəm. Bu gün onlar çox yaxşı oynadılar".
Sportnet.az-ın məlumatına görə, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko səfərdə "Qarabağ"a 0:6 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssis bildirib ki, hər bir komanda rəqibin ona imkan verdiyi qədər oynayır: "Bu gün "Qarabağ"a imkan verdik ki, istədikləri hər şeyi etsinlər. Amma əslində fikrimiz tam fərqli idi. Rəqibi tez düşünməyə məcbur etmək, futbolçularının hər zaman yanında olmaq, pressinq etmək, onları topsuz qoymağı planlaşdırırdıq. Pressinq komanda oyunudur. Hər hansı oyunçu pressinq etməyəndə bu, bütün komandaya təsir edir. İlk qol oyunumuza çox təsir etdi. Çünki orada qapıçı Kristian Avram səhvə yol vermişdi. Avram irəli çıxaraq o topu götürməli idi. Belə hal baş verəndə rəqib oyunçulara daha çox özgüvən verirsiniz və nəticə də belə olur".
Demçenko bu məğlubiyyəti biabırçılıq adlandırıb: "Azarkeşlərimiz qarşısında bu cür iradəsiz oyuna görə üzr istəyirəm. Onlar bu gün belə biabırçılığa layiq deyildilər. Futbolu 11 nəfər yox, bütün komanda oynayır. Bu gün iki qrup var idi: Oynamaq istəyənlər və oynamaq istəməyənlər. Məğlubiyyətə gəldikdə, məşqçilər heyəti olaraq, məsuliyyəti öz üzərimizə götürürük. Təkcə futbolçular deyil, məşqçilər heyətindəki hər kəs günahkardır".
Baş məşqçi futbolçulara qarşı cərimə tətbiq edəcəklərini açıqlayıb: "Komandanı bir yerə yığaraq, çıxış yolları axtarmalıyıq. Amma bu cür alçaldıcı məğlubiyyətdən sonra futbolçular cərimələnəcək. Klub prezidenti belə qərar qəbul edib. Hesab edirəm ki, bu, düzgün qərardır".
49 yaşlı mütəxəssis bütün rəqiblərə qarşı eyni fəlsəfə ilə çıxış etdiklərini söyləyib: "Fəlsəfəmizi belə aparırıq ki, "Karvan-Yevlax", "İmişli", "Qarabağ" və "Sabah"a qarşı eyni oyunu sərgiləməliyik. Fərqi yoxdur: Onlar vacib və ya vacib olmayan rəqiblərdir. Bu, bəzən alınır, bəzən də belə güclü komandalarla oyunlarda alınmır. "Sabah"a 0:4 hesabı ilə uduzmuşduq, indi isə "Qarabağ"a 0:6 hesabı ilə uduzduq. Bəzi məsələlər hələlik ağır gedir. Çempionlar Liqasında çıxış etmiş "Qarabağ"a qarşı oynamağın asan olmadığını futbolçularımız da başa düşürlər. Ona görə də oyundan əvvəl futbolçularımızda narahatlıq olur. Sanki çəkinir, həyəcanlanırlar. Ona görə də oyun alınmır".
O, növbəti oyunlara daha ciddi hazırlaşacaqlarını diqqətə çatdırıb: "Evdə "Karvan-Yevlax"a qarşı oynayacağıq. Bu matça mümkün qədər yaxşı köklənməyə və yaxşı oynamağa çalışacağıq. Belə məğlubiyyətdən sonra çox ağıdır. Lakin növbəti oyunadək hər şeyi qaydasına salmaq üçün vaxtımız var".
Təcrübəli mütəxəssis harada oynamalarının fərq etmədiyini vurğulayıb: "Aydın məsələdir ki, biz Naxçıvan komandasıyıq. Bir çox klub Bakıda məskunlaşıb və ev oyunlarını paytaxtda keçirir. Futbolçu və baş məşqçi üçün hansı stadionda oynamağın fərqi yoxdur. Həm ev, həm də səfər matçları olur. Sualınızı başa düşürəm, amma burada vəziyyət belədir".













































































