“Çətin oyun oldu. Qarşılaşmaya yaxşı başladıq, amma bilirdik ki, bizim üçün çox ağır matç olacaq. Çünki rəqib çox güclü, yaxşı komandadır. İlk hissədə əlimizdən gələni etdik, bütün gücümüzü ortaya qoyduq. Amma nə isə çatmadı və nəticədə hesab tablosunda da bunun əksini gördük".
Bunu Sportnet.az-a açıqlamasında “Qəbələ”nin futbolçusu Seydina Keyta “Neftçi”yə evdə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIV tur matçı barədə danışarkən deyib.
Komandasının yeganə qolunu vuran seneqallı müdafiəçi elitada qalma şanslarının hələ də qaldığını bildirib: "Bizim üçün çətindir, amma vəziyyəti olduğu kimi qəbul etməliyik. I Liqada qalmaq istəyiriksə, nələrisə dəyişməliyik. Bunun üzərində işləyirik. Düşünürəm ki, bu hələ də mümkündür. Çünki turnir cədvəlində yuxarı pillələrdə olan komandalardan çox da uzaqda deyilik. Ona görə də inkişaf edib bu liqada qalmağa çalışacağıq”.
34 yaşlı oyunçu komandanın gənc olduğunu və təcrübə çatışmazlığının nəticələrə təsir etdiyini də vurğulayıb: “Yaxşı futbol oynayırıq, amma dediyim kimi, nə isə çatmır. Komandamız çox gəncdir və təcrübə azdır. Bəzən yaratdığımız şansları dəyərləndirə bilmirik və çox imkanları qaçırırıq”.
Keyta "Turan Tovuz"la növbəti tur matçını dəyərləndirib: “Əlbəttə, özümüzə inanırıq. Bu gün sərgilədiyimiz oyunu analiz edəcəyik, səhvlərimizi görəcəyik və növbəti matç üçün onları düzəltməyə çalışacağıq. “Turan Tovuz” çox yaxşı və güclü komandadır. Amma səhvlərimiz üzərində işləyib növbəti oyunda daha yaxşı çıxış etməyə çalışacağıq”.
Sonda futbolçu “Neftçi”də hücumçu mövqeyində çıxış edən əslən seneqallı Bassala Sambu ilə yaxınlığınnan danışıb: “Xeyr, onu burada tanımışam. Sadəcə, o, milliyyətcə fransızdır və mən də fransızca danışa bilirəm. Ona görə ünsiyyət qurmaq bizim üçün asandır”.
Haşım MƏMMƏDOV










































































