"İlk növbədə, azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Onlar hər bir oyunda bizə dəstək verirlər. Əlbəttə, evdə oynadığımız vaxt daha çox olurlar. Səfərə gəldikdə, buradək 4 saatlıq yol var. Biz özümüz bu qədər vaxta gəlib çatdıq. Burada olanlara böyük təşəkkürümü bildirirəm. Komandamız da ürəkdən oynadı ki, onlar baxıb zövq alsınlar".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Yuri Vernidub səfərdə "Qəbələ"yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransında deyib.
60 yaşlı mütəxəssis rəqibi çox maraqlı komanda kimi dəyərləndirib: "Qəbələ" heç də pis kollektiv deyil. Baxmayaraq ki, uduzdular, amma oyunları xoşuma gəldi".
Ukraynalı baş məşqçi FIFA referisi Elçin Məsiyevin idarəçiliyindən razılıq ifadə edib: "Əvvəllər hakimliklə bağlı çoxlu söz-söhbət olmuşdu. Bugünkü matçda hakimlik lazımi səviyyədə idi. Hər bir matç bu cür hakimliklə davam edərsə, hər şey super olacaq".
Vernidub Qəbələdəki futbol infrastrukturu barədə də danışıb: "Qısa və aydın deyəcəyəm: Qəbələdə çox gözəl futbol mərkəzi var. Hər şey əlinin altındadır, stadion superdir. Məşq üçün də kifayət qədər, çox gözəl meydançaları var. Bilirəm ki, "Qəbələ"nin bir çox yetirməsi hazırda Premyer Liqa komandalarında çıxış edir. Səhv etmirəmsə, onların 5-6-sı komandaların kapitanıdır. Bunun özü çox şeyi deyir. Çox sevinirəm ki, Azərbaycanda futbol inkişaf edir".
O, ötən tur "Turan Tovuz"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIII tur matçının ardından rəqib həmkarı Kurban Berdıyevlə görüşməsinə Ukrayna mətbuatındakı tənqidi yanaşmalara da münasibət bildirib: "Orada barəmdə nə danışıb-yazılması mənə maraqlı deyil. Mən bilmirəm ki, adamın neçə pasportu var: Bir, iki, üç. Bildiyim odur ki, Berdıyev türkməndir. Bu, birinci məsələ. Qaldı ki, fotoları harasa yerləşdirmişdilər, mən onu həyatda da görməmişəm. Qısa və konkret demək istəyirəm: Rusiya - Ukrayna müharibəsinin ilk günündən necə adam idimsə, o cür də qalmağa davam edirəm. Yazanlar desinlər ki, 4 ildən çoxdur davam edən müharibə ərzində nə ediblər? Onlara deyəcək sözüm, cavabım budur".
"Bu, təxribat ola bilərmi?" sualına isə Vernidub belə cavab verib: "Nə provokasiya? Mənim 60 yaşım var. Təxribatdan söhbət gedə bilməz. Nə qədər istəsələr, təhrik etsinlər. Mən sakitəm, futbolda çalışıram və bundan zövq alıram".
Baş məşqçi "Neftçi"nin avrokubok şanslarını da dəyərləndirib: "Mən bunu çox istəyirəm. Bütün komanda da, klub da çox istəyir. Əlimizdən gələnin maksimumu nədirsə, onu da edəcəyik. Elə bir yer tutmalıyıq ki, bizə avrokuboklarda çıxış etmək imkanı versin. Nə olacağını Allah bilir. Əlimizdən nə gəlirsə, edəcəyik. Hələ qarşıda 10 oyunumuz var. Bizdən nə asılıdır? Baş, ayaq və əl. Bunların hamısından istifadə etməyə çalışacağıq ki, nəticə əldə edək. Onu da deyim ki, Azərbaycan çempionatı çox maraqlıdır. Artıq 3 aydan çoxdur Azərbaycandayam, amma hələ də çempionatı tam anlaya bilməmişəm. Burada kimi udub, kimə uduzacağını bilməzsən. Hətta ola bilər ki, axırıncı, sondan ikinci yerdə gedən komanda ilə oynadıqda, rəqibin sənə qarşı nə edəcəyini deyə bilməzsən. Mənə maraqlı olan da budur".
"Avrokuboka getməsəniz, bu, faciə olacaq, yoxsa "Neftçi"nin bununla bağlı immuniteti var?" sualına Vernidubun reaksiyası bu cür olub: "Xeyr, bu, faciə deyil, xoşagəlməz hadisə deyə bilərik. Bu vəsiqəni "Sumqayıt", "Zirə", "Araz-Naxçıvan", "Turan Tovuz" da istəyir. Bilmək olmaz. Hətta "Şamaxı" da Avropaya can atır. Maraqlı olacaq, görəcəyik".












































































