İngiltərə Çempionşipinin pley-off finalında “Hall Siti” “Midlsbro”nu dramatik şəkildə məğlub edərək Premyer Liqaya vəsiqə qazanıb.
Sportnet.az xəbər verir ki, “Uembli” stadionunda keçirilən qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə başa çatıb.
Oyunun taleyini isə əlavə olunmuş dəqiqələrdə vurulan qol həll edib. 95-ci dəqiqədə Ollie Makbörni rəqib qapısına yol taparaq “Hall Siti”yə qələbə qazandırıb.
Beləliklə, “pələnglər” 2016/2017 mövsümündən sonra ilk dəfə İngiltərə Premyer Liqasında çıxış etmək hüququ əldə edib. Klub son mövsümlərdə aşağı liqaya düşmək təhlükəsi ilə üzləşsə də, bu dəfə böyük uğura imza atıb.
Çempionşipin pley-off finalı futbol dünyasında “ən bahalı oyun” hesab olunur. Premyer Liqaya yüksələn komandanın televiziya hüquqları, sponsorluq və kommersiya gəlirləri hesabına təxminən 250 milyon avro qazanacağı bildirilir.












































































