
Türkiyənin kişi basketbolçulardan ibarət milli komandası Latviyanın paytaxtı Riqada keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
Sportnet.az xəbər verir ki, "12 dev adam" finalda son dünya çempionu Almaniyaya uduzub - 83:88.
Almaniya ilk hissədən sonra 24:22 hesabı ilə öndə olsa da, ikinci hissədə "ay-ulduzlular" üstünlüyü ələ alıblar - 46:40. Üçüncü hissədən sonra 67:66 hesabı ilə öndə olan Türkiyə millisi həlledici dövrədə üstünlüyünü əldən verərək, məğlub olub.
Qeyd edək ki, qardaş ölkə təmsilçisi 24 illik aradan sonra yenidən eyni nailiyyəti təkrarlayıb. 2001-ci ildə Türkiyədə təşkil olunmuş "EuroBasket"in finalında hazırda mövcud olmayan Yuqoslaviya qələbə qazanmışdı - 78:69.
Baş məşqçi Ergin Atamanın baş məşqçi olduğu kollektiv bu dəfə finaladək keçirdiyi 8 oyunun hamısından qalib ayrılıb. Almaniya isə 9 görüşünün hamısından qələbə ilə ayrılıb və 2023-cü ildə əldə etdiyi dünya çempionluğundan sonra yeni titula sahib çıxıb.