
III MDB Oyunlarına sayılı günlər qalıb və Azərbaycan bədii gimnastları intensiv məşqlərini davam etdirirlər.
Sportnet.az xəbər verir ki, yeddi şəhərdə keçiriləcək mötəbər turnirdə 23 idman növü üzrə yarışlar təşkil olunacaq. Bədii gimnastika üzrə mübarizələr isə Şəkidə baş tutacaq.
Milli komandanın məşqçisi Nəzrin Cəfərzadə bildirib ki, hazırlıq prosesi planlı şəkildə davam edir və artıq yekun mərhələyə yaxınlaşıb:
“Qızlarımız hər gün intensiv məşqlər edirlər. Hazırda komanda həm fiziki, həm də psixoloji baxımdan yaxşı formadadır. Heyət ilin əvvəlindən bu günə qədər ölkədaxili və beynəlxalq turnirlərdə idmançıların nəticələri əsasında formalaşdırılıb”.
Cəfərzadənin sözlərinə görə, komandanın əsas hədəfi xalçada gözəl çıxışlar nümayiş etdirməkdir:
“Bizim üçün ən vacib məsələ gimnastların məşqlərdə qazandıqları bacarıqları yarışda da göstərmələridir. Təbii ki, hər bir idmançı nəticə üçün mübarizə aparır və biz də medal qazanmaq istəyirik. Amma əsas məqsəd gözəl çıxışlardır, nəticələr isə bunun ardınca gələcək”.
Məşqçi həmçinin III MDB Oyunlarında rəqabətin yüksək olacağını vurğulayıb:
“Komandalar ciddi hazırlıqla gəlirlər və hər biri medal uğrunda mübarizə aparacaq. Bu, həm çətinlik, həm də böyük stimuldur. Komandamız yüksək motivasiya ilə yarışa hazırlaşır və ölkəmizi layiqincə təmsil edəcəyimizə ümid edirik”.