Vüsal MEHDİOĞLU
Azərbaycan yığması 2026-cı il dünya çempionatının seçmə mərhələsində ilk xalını qazandı. Ukraynaya qarşı ev oyununda komanda əzmkarlıq göstərdi, amma heç-heçəyə layiq oynamadılar.
Rəqibin baş məşqçisi Sergey Rebrov oyunu daha aydın analiz etdi: "Rəqib yaxşı oynamadı, biz zəif təsir bağışladıq, meydança hazır deyildi".
Oyunun əvvəllərində VAR-ın müdaxiləsindən sonra Ukrayna millisinin penaltisi ləğv olundu.
Yığmada qol sayına görə rekorda imza atan Emin Mahmudovun fərqlənməsinə də VAR-la təyin olunan penalti kömək oldu.
Millini oyuna hazırlayan müvəqqəti baş məşqçi Ayxan Abbasov üzərinə düşən vəzifəsini layiqincə yerinə yetirdi. İslandiya ilə səfər oyunundan fəqli olaraq, meydanda daha döyüşkən Azərbaycan yığması var idi.
Azarkeşlərin oyuna son dərəcə az maraq göstərməsi də başadüşülən idi. Seçmə mərhələnin ilk ev oyununda yığmanı dəstəkləməyə bu qədər az tamaşaçının gəldiyini xatırlamıram. Yığmadan küsdürüblər sadiq azarkeşləri!
Belə təsadüfi heç-heçənin də azarkeşlərin könlünü alacağı ağlabatan deyil.
Amma milli ruhun qayıtması futbolçuları yenidən azarkeşlərə doğmalaşdıra bilər. Milli ruh isə milli futbolçular və milli baş məşqçi ilə əldə olunur.
Təkrarçılıq kimi çıxmasın: İndiki durumda milliyə yerli də gətirsən, əcnəbi də təyin olunsa, heç nə dəyişməyəcək. Seçim etmək lazımdırsa, yerli mütəxəssisə üstünlük verilməlidir. Bu cür zəif heyətlə elə yerli baş məşqçilər çalışsalar, yaxşıdır. Onların seçimi və futbolçuları oyuna kökləmələri daha uğurlu alınır.
Böyük büdcəli klublarda legioner həyatı yaşayacaq futbolçularımızın yetişəcəyi yaxın illərdə gözlənilmir.
Belə vəziyyətdə əcnəbi baş məşqçi amili heç nəyi dəyişmir.
Seçmə mərhələdə növbəti oyunumuz 1 ay sonra səfərdə Fransaya qarşı olacaq. Fransadan xal qazanmaq iddiası yoxdu. Məqsəd biabırçı məğlubiyyətdən yaxa qurtarmaqdır. Halbuki, 400 min əhalisi olan İslandiya Fransa ilə görüşdə hesabda önə keçdi, sonadək xal qazanmaq uğrunda mübarizə apardı.
Bu komandadan indi heç nə tələb olunmur: yeganə istək mübariz və döyüşkən təsir bağışlamaqdır!












































































