
Futbol - əksəriyyətimizin sevdiyi kütləvi idman növüdür. Heç bir idman növü bu oyun qədər kütləvi sevinc, kədər və təəssübkeşlik yaratmır. Futbolda əldə etdiyimiz qələbələr, yaxud məğlubiyyətlər cəmiyyətin ümumi ovqatına təsir göstərir. İctimai, yaxud ümummili bir arzunun yerinin doldurulması ehtiyacını belə, qismən doldura bilir.
Məsələn, Azərbaycan cəmiyyəti uzun illər Qarabağ zəfərinin təşnəsini "Qarabağ" futbol klubumuzun qələbələri ilə söndürməyə çalışırdı. Belə olan halda bu qədər əhəmiyyətli bir oyunu biz sadəcə, oyun kimi qəbul edə bilmərik.
Futbol komandaları öz azarkeşləri vasitəsilə cəmiyyətin çox dərin substratlarına (alt qatlarına) təsir göstərərək, xüsusi əlamətlər üzrə mobil sosial təbəqələşmələr yarada bilir. Məsələn, "Qalatasaray"lı, "Barselona"lı, "Qarabağ"lı, "Beşiktaş"lı və s. kimi kollektiv sinxron hərəkət qabiliyyətinə malik kütləvi qruplar yaradır. Deməli, sosiologiyamızı və davranışlarımızı bu qədər dərindən etkiləyən idman növünə biz bir qədər fərqli baxış bucağından baxmalı və onu düzgün qiymətləndirməyi bacarmalıyıq.
Yəni, futbol təkcə yüksək texniki və fiziki hazırlıq, yüksək peşəkarlıq hadisəsi deyil, həm də yüksək səviyyəli kütləvi həmrəylik, psixoloji uyğunluqla tamamlanan sinxron davranış və kollektiv eqo hadisəsidir. Bir oyunda bu qədər mürəkkəb komplektasiyadan ibarət keyfiyyətləri nümayiş etdirməyi bacarmaq isə milli psixologiya və mentalitetlə bağlıdır.
Əgər belədirsə, onda gəlin görək bu gözəl idman növü nə zaman, nə üçün və kimlər tərəfindən yaradılıb?
Ümumi qəbul edilmiş fikir belədir ki, futbolu ingilislər yaradıb. Elə adı da ayaqla oyun anlamı verir. İlk baxışdan, doğrudan da belə olduğunu düşünmək olar. Çünki elə oyunun adı da ingiliscədir. Hansı xalq nəyi yaradırsa, ona öz dilində də ad verir.
Ancaq məsələnin bir qədər köklərinə endikdə bəlli olur ki, bizim tarixi mənbələrimizdə bənzər oyunla bağlı məlumatlar olanda İngiltərədə bu barədə tamamilə məlumatsız idilər. Elə polo (çovqan) oyunu kimi.
Göktürk mənbələrində (VII əsr) türk obaları arasında keçirilən bir oyundan bəhs edilir. Mənbənin yazdığına görə, qədim türklər qoyunun mədə kisəsini qurudub onun içərisini yüngül samanla doldurur, sonra isə ağzını ayğır quyruğunun tükü ilə tikərək kos düzəldirdilər.
Kos - yumru deməkdir. Məsələn, biz bu gün kos sözünü müstəqil leksik vahid kimi işlətmirik. Ancaq kol-kos deyəndə işlədirik. Fərqində olmasaq da, bu zaman biz təhtəlşüurla (şüuraltı yaddaşla) kolu uzunsov, kosu isə yumru kimi ifadə etmiş oluruq. Azərbaycanın bəzi yerlərində topa kos, futbol oynamağa isə kos-kos oynamaq deyirlər. Hətta belə bir zərbi-məsəlimiz də var: "Sən mənimlə "qoz-qoz" oynama". Yəni, "Sən mənimlə "kos-kos" oynama, uduzarsan".
Kos sözü qıpçaklar vasitəsilə ruslara da keçib. Məsələn, rus qadınları saçlarını yumru şəkildə yığan zaman ona "kosa", yəni yumru demiş olurlar.
Bəs bu kosla oyun necə idi?
Qədim türklər iki qonşu oba arasındakı orta bir nöqtədə kosu yerə atırdılar. Oyunda bərabər sayda gənclər iştirak etməklə, əllərini kosa toxundurmadan ayaqları və başları ilə onu rəqib obanın sərhədlərinə qədər aparmalı idilər. Bunu bacaran komanda qalib hesab edilirdi.
Yəni, indiki kimi qapı və qapıçı olmasa da, oyunun fəlsəfəsi eyi idi. Mənbə bu oyunu təpuk (təpik) adlandırır. Sonralar isə bizim təpik oyunu bir qədər də inkişaf etdirilərək müasir futbola çevrilir və dünya tərəfindən sevilir.
Polo, çövkən, çovqan, yoxsa savukan...?
Əcdadımızın icad etdiyi başqa bir oyun isə savukan (çövkən) oyunudur. Bu barədə isə Mahmud Kaşğari ətraflı məlumat verir. Yuxarıda qeyd etdiyimiz üsulla kos (top) düzəldən əcdadlarımız bu oyunu at üzərində oynamağı düşünürlər. Bu zaman topu qoruyaraq rəqib oba sərhədlərinə keçirmək üçün onlara bir müdafiə, savunma ağacı da lazım olur. Beləliklə, at belindən topa çatmaq üçün ucu əyilmiş xüsusi əl ağacları düzəldilir və topu müdafiə etdiyi üçün adına da savu-kan yəni müdafiə edən deyirlər.
Qan-qən, kan-kən dilimizdə bu gün də sözdüzəldici şəkilçilərdir. Məsələn, dalaş - dalaşqan, vuruş - vuruşqan, söyüş - söyüşkən və s. Savukan da müdafiə edən deməkdir. Azərbaycanın bəzi bölgələrində bu söz hələ də yeni ilə işlədilir. Bir naxçıvanlı ilə danışsan, söhbətin sonunda deyəcək ki, qardaş, sözün-savın... Yəni, mənim dediklərimin qarşılığında deyəcəyin, özünü müdafiə edəcəyin bir şey varmı?
Beləliklə, Polo, yəni, Savukan da bizim milli oyunuzmuzdur. Ona görə də bu oyunu çox yaxşı oynayırıq. Əminəm ki, bir gün gələcək, təpuk – futbol oyununu da çox gözəl oynayacağıq.
Hikmət BABAOĞLU,
Milli Məclisin deputatı, professor