Elşən MƏMMƏDOV
Almaniyanın "Bild" nəşri yenə Azərbaycan millisinin futbolçusu Mahir Emrelidən yazıb.
Nəşr "ənənə"sinə sadiq qalaraq, 28 yaşlı hücumçunu öz aləmində tənqid edib. Motiv də bundan ibarətdir ki, Emreli hazırkı komandası "Kayzerslautern"in qapısına keçmiş klubu "Nürnberq"in 90+3-cü dəqiqədə penaltidən qol vurmasına müsbət reaksiya verib.
Nədir ki, sabiq komanda yoldaşı Robin Knoxe penalti vuruşunun fotosunu paylaşıb və o, "layk" düyməsini sıxıb. Sanki heç-heçənin də səbəbkarı bizim futbolçudur. Az qala demək istəyirlər ki, sən onu layk edəsən deyə, qapımıza qol vurdular.
"Bild" aləmə car çəkib ki, başqalarının uğuruna sevinmək xoş haldır, amma bu, öz komandanın uğursuzluğu ilə əlaqəli olduqda mübahisəli məsələyə çevrilir. Hətta azərbaycanlı futbolçunun bundan az qala razı qaldığı iddia olunur.
Nəşrdə bildirilir ki, təcrübəli forvard "Kayzeslautern"də son oyununu avqustun 22-də səfərdə "Elversberq"ə qarşı keçirib və həmin görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Lakin "Bild" həmin oyundan sonra baş vermiş buna bənzər və hətta daha betər olayı görməzdən gəlib.
Biz isə diqqət edək: Emreli həmin matçda start heyətində yer alıb və 71-ci dəqiqədə komanda yoldaşı Semih Şahinlə bərabər əvəzlənib. Qarşılaşmanın ardından Şahin keçmiş komandası "Elversberq"in qol sevincinin instaqram fotosunu bəyənib.
Təbii ki, bu fotoya 26 yaşlı yarımmüdafiəçi 23 nömrəli futbolçunun soyadına görə "layk" atmayıb. Hesab da "Kayzerslautern"in xeyrinə bitməyib ki, yayda ayrıldığı sabiq komandasına layiqli mübarizəsinə görə təşəkkürünü ifadə etsin. Lakin "Bild" Almaniya doğumlu türkə heç bir yazı həsr etməyib, irad bildirməyib. Halbuki, bunu Emreli etsəydi, nələr yazacaqdı?!
"Bild" onu da vurğulayır ki, guya klubdaxili iclasdan sonra Emrelinin heyətə qaytarılması nəzərdə tutulubmuş. Lakin azərbaycanlı forvard qripə yoluxması üzündən keçmiş klubu "Nürnberq"lə oyunu buraxıb və məşqləri dünən bərpa etdiyi üçün bu gün "Fortuna" ilə Almaniya Kuboku matçında çıxış etməyəcək.
Əlbəttə, nə Emrelinin, nə də Semihin hərəkəti təqdirəlayiqdir. Hətta onlar keçmiş komandalarının uğurlarına sevinsələr belə. Burada məsələyə "Bild"in ikili standartlarla yanaşması acı təəssüf doğurur. Sanki Almaniyada Mahirdən başqa tənqid ediləsi, hədəfə götürüləsi futbolçu yoxdur. Hər dəfə onun oyunu yox, meydandankənar fəaliyyəti diqqətə alınır, yazı mövzusuna çevrilir.
Qərb dəyərləri bunumu özündə ehtiva edir?








































































