Fevralın 6-da kişi və qadın şahmatçılar arasında Azərbaycan çempionatı start götürəcək.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, fevralın 22-dək davam edəcək Azərbaycan çempionatı “Landmark” otelinin “Rotunda” zalında baş tutacaq.
Kişilərin yarışında 30, qadınlarda isə 16 iştirakçı mübarizə aparacaq. Çempionat olimpiya sistemi üzrə FİDE oyun qaydaları əsasında təşkil olunacaq.
Ötən il olduğu kimi bu ildə Azərbaycan çempionatında ölkənin əksər şahmatçıları mübarizə aparacaq. Kişilərin yarışında çempionluq uğrunda rapid və 20 yaşlılar arasında dünya çempionu, komandalar arasında üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov, altıqat Azərbaycan və komandalar arasında üçqat Avropa çempionu Rauf Məmmədov, milli komandanın heyətində qitə çempionatının qalibi Eltac Səfərli, qadınların mübarizəsində isə son ölkə çempionu Günay Məmmədzadə, şəxsi Avropa çempionatının qalibi Ülviyyə Fətəliyeva, 20 yaşlılar arasında dünya çempionu Gövhər Beydullayeva və digərləri mübarizə aparacaq.
Əvəzində ötənilki çempionatda "3-lüy"ə düşə bilməyən Teymur Rəcəbov bu dəfə kənarda qalacaq.
Azərbaycan çempionatının ümumi mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.
Açılış mərasimi fevralın 6-da keçiriləcək.