Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) Azərbaycanın velosipedçisi Artyom Proskuryakovu antidopinq qaydalarını pozduğuna görə cəzalandırıb.
Sportnet.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Velosipedçinin dopinq nümunələrində metamfetamin və onun metabolitləri aşkarlanıb. Qeyd olunur ki, dopinq testləri yarış dövründə — yeniyetmələr arasında keçirilən şosse üzrə dünya çempionatı zamanı götürülüb.
Qərara əsasən, 19 yaşlı idmançı üç il müddətinə diskvalifikasiya edilib. Onun cəza müddəti 17 noyabr 2028-ci ilədək qüvvədə olacaq.
Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) ictimaiyyətlə əlaqələr üzrə meneceri Pərviz Musayev Sportnet.az-a açıqlamasında bildirib ki, Artyom Proskuryakov legioner deyil, Bakıda doğulub-yetişmiş idmançıdır: "Proskuryakov öz yetirməmizdir. Ondan 2025-ci ilin sentyabrında keçirilmiş dünya çempionatında götürülmüş dopinq-test müsbət nəticə verib. Bu barədə ilk xəbər 2025-ci ilin noyabrında məlum oldu. Məlumatı alan kimi Proskuryakovu daxili araşdırmanın nəticəsi olaraq, kənarlaşdırdıq. Cəza müddətini isə UCI indi açıqlayıb".









































































