İngiltərənin "Nyukasl" komandası sıx oyun qrafikinə qədəm qoyub.
Sportnet.az xəbər verir ki, "sağsağanlar" bu gecə Bakı vaxtı ilə saat 00:00-da səfərdə "Mançester Siti"yə qarşı Liqa Kubokunun yarımfinal mərhələsinin cavab görüşünə çıxacaq.
Eddi Hounun baş məşqçi olduğu kollektiv fevralın 7-də Premyer Liqanın XXV turunda "Brentford"u qəbul edəcək.
Çempionatda növbəti oyunlar fevralın 10-da səfərdə "Tottenhem"ə qarşı olacaq.
Daha sonra "Nyukasl"ı fevralın 14-də İngiltərə Kubokunun (FA Cup) 1/16 final mərhələsində "Aston Villa" qəbul edəcək.
Bundan sonra "ağ-qaralar" fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında "Qarabağ"ın qonağı olacaqlar.
"Nyukasl" Bakıdan qayıdar-qayıtmaz - fevralın 21-də Premyer Liqanın XXVII turunda "Mançester Siti" ilə səfərdə üz-üzə gələcək.
Fevralın 24-də isə İngiltərə təmsilçisi "Qarabağ"ı pley-off mərhələsinin cavab görüşündə qəbul edəcək.
Qeyd edək ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sıx oyun qrafiki ilə əlaqədar fevralın 21-də "Neftçi"yə qarşı keçirəcəyi səfər matçının təxirə salınması üçün Peşəkar Futbol Liqasına müraciət etmək istədiklərini açıqlayıb.













































































