"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun UEFA Çempionlar Liqası qarşılaşmalarında Nəriman Axundzadəyə israrla şans verməsinin səbəbi müəyyənləşib.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, 54 yaşlı mütəxəssis Avropanın ən nüfuzlu klub turnirində ilk dəfə azərbaycanlı futbolçunun qol vurmasını istəyir.
Ağdam təmsilçisinin 2017/2018 mövsümündə də iştirak etdiyi əsas mərhələdə yerli oyunçu fərqlənə bilməyib. Cari mövsümdə də "Qarabağ"ın vurduğu 10 qolun müəlliflərinin hamısı legionerlərdir. Daha dəqiqi, Leandro Andrade (Kabo Verde) 3, Kamilo Duran (Kolumbiya) 2, Aleksey Kaşuk (Ukrayna), Abdullah Zubir (Fransa), Emmanuel Addai (Qana), Marko Yankoviç (Monteneqro) və Mateus Silva (Braziliya) hərəyə 1 dəfə fərqlənib.
"Qarabağ"ın iştirak etdiyi hər iki mövsümdə Çempionlar Liqasının pley-off mərhələsində yerli futbolçular ən yaxşı halda pley-off mərhələsində qol vura biliblər. İlk dəfə bunu Mahir Mədətov (Emreli), bu dəfə isə Musa Qurbanlı bacarıb.
Komandanın start heyətdə daim yer alan yerli futbolçuları Bəhlul Mustafazadə və Elvin Cəfərquliyev müdafiəçi mövqeyində çıxış edir. Cəfərquliyev II turda Danimarka "Kopenhagen"i üzərində 2:0 hesablı qələbə qazandıqları görüşün ən yaxşı oyunçusu seçilib. Toral Bayramov, Musa Qurbanlı, Nəriman Axundzadə kimi yerli futbolçular isə meydançaya əksərən ikinci hissədə daxil olurlar.
Axundzadə hücumçu mövqeyində çıxış etdiyindən və bu mövsüm təsnifat mərhələlərində daha çox hallarda qol və məhsuldar ötürmə müəllifi olduğu üçün onun əsas mərhələdə də fərqlənmə şansları yüksək qiymətləndirilir. Lakin o, xüsusən Niderland "Ayaks"ına qarşı ötən oyunda "Qarabağ" 2:1 hesabı ilə öndə olduğu vaxt meydançaya buraxılmasına baxmayaraq, nə cinah, nə də mərkəz hücumçusu kimi ümidləri doğrultmayıb və həm özü, həm də Qurban Qurbanov ciddi tənqidlərə məruz qalıb.
Müqayisə üçün bildirək ki, Qazaxıstan "Kayrat"ı Çempionlar Liqasında ilk dəfə iştirak etməsinə baxmayaraq, komandanın 7 tur ərzində vurduğu 5 qolun 3-nə yerli futbolçular imza atıb.
Qeyd edək ki, bu gün "Qarabağ" VII tur matçında Almaniya "Antraxt"ını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq.










































































