“Şamaxı” ölkə kubokunda 60-cı qələbəsini qazanıb.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ”a qarşı ev matçına təsadüf edib.
Şamaxının eyniadlı klubu 2:1 hesabı ilə qalib gəlib. Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış klub 60-cı qələbəsini 115-ci oyununda əldə edib.
“Şamaxı” evdə 34, səfərdə 24, neytral meydanda 2 dəfə qalib gəlib. Bu, yarışın tarixində 4-cü nəticədir. Yalnız “Qarabağ”, “Neftçi” və “Kəpəz”in hesabında daha çox qələbə var.
Qeyd edək ki, “Şamaxı” ilk qələbəsini 2001/02 mövsümündə “Ümid”lə (Bakı) 1/8 finaldakı səfər matçında qazanıb – 3:1.










































































