ABŞ-ın Florida ştatının Orlando şəhərində polis 4x100 metr estafet qaçışı üzrə Olimpiya çempionu Şa`Karri Riçardsonu həbs edib.
Sportnet.az-ın TMZ nəşrinə istinadən məlumatına görə, buna tanınmış atletin təhlükəli avtomobil idarə etməsi səbəb olub.
25 yaşlı qadın idmançı avtomobili saatda 160 km-dən yüksək sürətlə idarə edib, öndə hərəkət edən nəqliyyat vasitələrinə təhlükəli dərəcədə yaxınlaşıb və digər sürücüləri ötmək üçün davamlı şəkildə yolayrıcı xətləri keçib.
Hazırda polis nəzarətində saxlanılan Riçardsona avtomobili təhlükəli idarə etmə maddəsi ilə ittiham irəli sürülüb. Ona 30 günədək həbs və 500 ABŞ dolları məbləğində cərimə cəzası verilə bilər.
Xatırladaq ki, Şa’Karri Riçardson 2021-ci ildə marixuana üzrə pozitiv dopinq testinə görə ABŞ Antidopinq Agentliyi (USADA) tərəfindən diskvalifikasiya olunub və bu səbəbdən Tokio-2020 Yay Olimpiya Oyunlarını buraxmalı olub. O, Paris-2024 Yay Olimpiya Oyunlarında, eləcə də 2023-cü il dünya çempionatında 100 metr və 4X100 metr estafetində və 2025-ci il mundialında 4X100 estafetində qızıl medal qazanıb.











































































