"Bilirdik ki, çətin olacaq. Səfər oyunu amili var idi, üstəlik, meydança süni örtüklü idi. Amma bütün bunlara baxmayaraq, 3 xalı qazanmağı bacardıq".
Bunu Sportnet.az-a açıqlamasında "Sumqayıt"ın kapitanı Səbuhi Abdullazadə səfərdə "Karvan-Yevlax"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra deyib.
24 yaşlı yarımmüdafiəçi komandanın hədəflərində dəyişikliyin baş vermədiyini söyləyib: "Hədəfimiz dəyişməyib. Hər oyuna maksimum – 3 xal üçün çıxacağıq. Çempionatın sonunda topladığımız xalların bizə yaxşı yer tutmağa kifayət edəcəyinə inanırıq. İlk dövrəni yaxşı nəticə ilə başa vurmuşuqsa, ikinci dövrədə daha pisini istəyə bilmərik. Əksinə, daha da yaxşı olmaq istəyirik".
Abdullazadə Yevlax şəhər stadionunun süni örtüklü meydançasının keyfiyyətli oyuna maneçilik törətdiyini vurğulayıb: "İstər-istəməz kimdən soruşsanız, deyəcək ki, süni örtükdə oynamaq futbolçu üçün çətindir, zədə riski də daha çox olur. Amma nə edək? Bunu bəhanə edə bilməzdik. Meydança süni olsa da, oyuna çıxmalı və mübarizə aparmalı idik. Çətinliklərə baxmayaraq, 3 xalı qazanmağı bacardıq".
Qeyd edək ki, hazırda "Sumqayıt" 18 oyundan 30 xalla 4-cü pillədə qərarlaşıb.
Haşım MƏMMƏDOV















































































