2026-cı il Qış Olimpiya Oyunlarıda qadınlardan ibarət Finlandiya və Kanada yığmaları arasında keçirilməli olan start oyunu təxirə salınıb.
Sportnet.az xəbər verir ki, səbəb kimi Finlandiya millisində bağırsaq virusunun yayılması göstərilib.
İlkin mərhələnin qarşılaşması fevralın 12-nə keçirilib.
Qərar Finlandiya yığmasının cəmi 8 meydan oyunçusu və 2 qapıçı ilə məşq edə bilməsindən sonra qəbul edilib. Daha 13 hokkeyçi karantində və ya izolyasiyada saxlanılır.
Söhbət dünyada kəskin qastroenteritlərin əsas səbəblərindən biri sayılan norovirusdan gedir. Bu bağırsaq virusu qapalı kollektivlərdə sürətlə yayılmaqla yanaşı, səthlər üzərində bir neçə gün aktiv qala bilir.
Norovirusun əlamətləri adətən 12 – 48 saat ərzində özünü göstərir. Xəstəlik ürəkbulanma, qusma, sulu ishal, qarın ağrıları, halsızlıq və yüngül qızdırma ilə müşayiət olunur. Əksər hallarda xəstəlik 1 – 3 gün davam edir.
Qış Olimpiya Oyunlarının təşkilatçıları komandanın vəziyyətini nəzarətdə saxladıqlarını və idmançıların sağlamlığının yarış təqvimindən üstün tutulduğunu vurğulayıblar.







































































