Bu gün rəsmən açılışı olacaq XXV Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə yarışlarında Ermənistanı təmsil edəcək Nikita Raxmanin - Karina Akopova cütlüyü qısa proqramda separatçı məzmun daşıyan “Arsax” adlı musiqi əsərindən istifadə edəcəklər.
Sportnet.az-ın məlumatına görə, bu barədə idmançıların özləri "NEWS.am Sport"a verdikləri müsahibədə bildiriblər.
Onların sözlərinə görə, sözügedən proqram qısa proqram üçün nəzərdə tutulub və xüsusi olaraq Milan-2026 Qış Olimpiya Oyunları üçün hazırlanıb.
Karina Akopova “Arsax” kompozisiyasının Ermənistan və ermənilər üçün “fundamental əhəmiyyət” daşıdığını vurğulayıb və Olimpiya Oyunları kimi beynəlxalq idman tədbirində bu əsərlə çıxış edəcəklərindən qürur duyduğunu gizlətməyib. Qeyd edək ki, “Arsax” ifadəsi Ermənistan tərəfindən uzun illər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə qarşı aparılmış separatçı siyasətin ideoloji simvolu kimi istifadə olunub.
Fiqurlu konkisürən proqram seçiminin şəxsi təşəbbüsü olduğunu da etiraf edib. Onun sözlərinə görə, bu ideyaya etiraz edənlər olsa da, sonda məhz bu proqram üzərində razılıq əldə olunub.
Müsahibədə Karina Akopova və Nikita Rahmani əvvəl Rusiyanı təmsil etdiklərini, daha sonra isə idman vətəndaşlığını dəyişərək Ermənistan bayrağı altında çıxış etməyə qərar verdiklərini bildiriblər. Akopova bu seçimin “şüurlu qərar” olduğunu və Olimpiya Oyunlarında məhz Ermənistanı təmsil etməyin onun üçün xüsusi mənəvi əhəmiyyət daşıdığını qeyd edib.
Maraqlıdır ki, idmançı cütlük Olimpiya Oyunları kimi siyasətdən kənar qalmalı olan beynəlxalq idman yarışında açıq şəkildə siyasi və separatçı çalarlar daşıyan proqramla çıxış etməyi məqsədəuyğun hesab edir.
Qeyd edək ki, beynəlxalq idman prinsiplərinə əsasən Olimpiya Oyunlarında siyasi, ideoloji və separatçı təbliğata yol verilməməlidir. Bu baxımdan Ermənistan təmsilçilərinin proqram seçimi Olimpiya dəyərlərinə zidd addım kimi qiymətləndirilə bilər.







































































