Elşən MƏMMƏDOV
Azərbaycan və Türkiyə milliləri qonşu qruplarda mübarizə aparırlar. Biri D, digəri E qrupundadır.
Hər iki komanda hələlik sonuncu oyununu evdə keçirib. Azərbaycan İslandiyaya 0:2 hesabı ilə qalib gəlibsə, Türkiyə Bolqarıstanı eyni hesabla məğlub edib.
İslandiya ilə qarşılaşmaya Azərbaycan millisinin futbolçuları şəhid övladları ilə çıxmışdı. AFFA-nın YAŞAT Fondu ilə birlikdə həyata keçirdiyi bu layihə təqdirəlayiq, oyunu CBC Sport-un efirində şərh edən Gündüz Abbaszadənin kövrəlməsi təsiredici idi.
Bununla belə, komandalar meydana çıxarkən, Azərbaycan və İslandiya bayraqlarının yerə sərilməsi diqqətdən kənarda qalmadı.
Türkiyə xalqı isə bu günlərdə təyyarə qəzasına uğramış 20 şəhidinin üzüntüsünü yaşayır. Qardaş ölkə millisinin ötən gün Bolqarıstanla Bursa Atatürk Stadionunda keçirdiyi görüşdə azarkeşlər üçün əcnəbi yox, milli musiqilər, məşhur seriallardan saundtreklər səsləndirildi. Komandalar meydana çıxarkən isə bayraqlar yerə sərilmiş vəziyyətdə deyildi, əldə tutulmuşdu.
Hər iki halı müqayisə etdiyim vaxt digər ölkələrdə keçirilmiş oyunlardan kadrlara da diqqət yetirdim. Məsələn, Gürcüstan - İspaniya görüşündə də hər iki ölkənin bayrağı yerə sərilmişdi. Demək olar ki, əksər oyunlarda bayrağın vəziyyəti bu cür olur.
Yalnız Türkiyədə himnə, bayrağa münasibət fərqlidir. Bolqarıstanla matça futbolçularla birlikdə çıxan uşaqlara nəzər yetirdim, Türkiyə himnini necə ürəkdən, qürurla səsləndirirdilər! Onlarda dövlətin müqəddəs atributlarına münasibət hər yerdə belədir və bu, milli komandanın oyunlarına da daşınır, əyani şəkildə nümayiş olunur.
Azyaşlılar təkcə Türkiyə deyil, rəqib ölkənin bayrağına da eyni münasibəti göstərirlər. Heç kim, o cümlədən, UEFA da "Niyə oyunöncəsi "nizam qaydası"na əməl etmirsiniz" deyə Türkiyə Futbol Federasiyasına irad tutmur.
Bu baxımdan, "bütün dünyada belədir" deməklə keçmək olmaz, ən azı qardaş ölkədən nümunə götürmək lazımdır.
Bugünkü rəqibimiz ikiqat dünya və ikiqat Avropa çempionu Fransadır. 2026-cı il dünya çempionatına vəsiqəni artıq təmin etmələrinə baxmayaraq, yenə bu komandanın oyunu diqqət mərkəzində olacaq. Nəticə nə olursa-olsun, futbol matçı dünyaya milli kimliyini, torpağa, bayrağa bağlılığını nümayiş etdirmək üçün əlverişli imkandır.
Əvvəllər Fransa ilə münasibətlər qaydasında deyildi. Son zamanlar bu baxımdan, müəyyən irəliləyişlər nəzərə çarpmaqdadır. Amma yenə də rəqib, necə deyərlər, "Ermənistanın böyük bacısı"dır. Onlarla oyun vətənpərvərlik mesajlarını bir daha büruzə vermək üçün əsl məqamdır.
Sonu necə olursa-olsun, təki bu gün Fransa ilə matçda da İslandiya ilə oyunöncəsi hal yaşanmasın...













































































