"Yarışın səviyyəsinin artması göz qabağındadır. Ardıcıl ikinci ildir çempionat belə bir səviyyədə keçirilir. Çox gözəl formatdır və hamı tərəfindən sevilir".
Sportnet.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimində çıxışında deyib.
Nazir bildirib ki, yarış tərtibatdan tutmuş təşkilatçılığadək tamamilə beynəlxalq səviyyədədir: "Bakı şəhəri bu il dünyanın idman paytaxtı seçilib. Həm olimpiya, həm də qeyri-olimpiya növləri inkişaf edir. Bir çox növ üzrə müxtəlif yarışlar keçirilir. Azərbaycan yaxşı təşkilatçı kimi dünyada tanınır".
Qayıbov Azərbaycan Şahmat Federasiyasını ən aktiv federasiyalardan biri kimi dəyərləndirib: "Biz bu federasiya ilə bağlı heç bir problem yaşamırıq. İnsanın sevgisini onun yanında olan insanlar müəyyənləşdirir. Burada gözəl idmançıları, şahmat ailəsini gördükdə şahmatı sevməmək olmaz. Buradakı insanların demək olar ki, hamısını tanıyıram. Çünki tez-tez görüşürük. Birlik, ruh sayəsində yaxşı nəticəsində qızlar və oğlan şahmatçıların ifasında yaxşı nəticələriniz var. Təbii ki, iştahımız böyükdür, bəzən hansısa nəticələrdən razı qalmırıq. Amma düşünürəm ki, bunu mərhələli şəkildə etməliyik. Həyat belədir".
"Əsas odur ki, öz şahmatçılarımız, şahmat mütəxəssislərimiz var. Bu gün şahmat çox populyardır, şahmatla çoxlu sayda gənclərimiz məşğul olur. Biz çempionlarımızı tanıyırıq. Amma onların vasitəsilə minlərlə, on minlərlə gənc şahmatçılarımızı stimullaşdırırıq. Onlar da şahmat oynayır, inkişaf edirlər. Gənclər siyasətinin məqsədlərindən olan asudə vaxtlarını səmərəli keçirirlər", - deyə o fikirlərini tamamlayıb.
Xatırladaq ki, Azərbaycan çempionatı fevralın 22-dək davam edəcək.











































































