İngiltərə “Nyukasl Yunayted”inın baş məşqçisi Eddi Hau komandanın zədəli futbolçuları ilə bağlı son vəziyyəti açıqlayıb.
Sportnet.az xəbər verir ki, ingiltərəli mütəxəssis Entoni Qordonun Premyer Liqanın XXV turunda “Brentford”a qarşı ev oyununu buraxma ehtimalının yüksək olduğunu bildirib.
Cinah oyunçusu İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsinin “Mançester Siti” ilə cavab görüşündə (0:2) zədələnərək meydanı erkən tərk etmişdi. Qordonun bud əzələsi problemi yaşadığı qeyd olunur.
Hau futbolçunun durumunun ciddi olmadığına ümid etdiklərini vurğulayıb: “Entoni ilə bağlı böyük yenilik yoxdur. Həftəsonu oyunu buraxma ehtimalı var, amma zədənin ciddi olmamasına və onun tezliklə geri dönməsinə ümid edirik”.
Baş məşqçi komandanın kapitanı Bruno Gimaraynşın da meydançaya qayıtmağa yaxın olduğunu bildirib. Braziliyalı yarımmüdafiəçi səfər oyunu zamanı məşq edib və özünü yaxşı hiss edib. Onun "Brentford"la matça qədər hazır olacağı istisna edilmir.
Gənc yarımmüdafiəçi Lüis Maylinin də zədəsinin ciddi olmadığı və yaxın günlərdə komandaya qoşula biləcəyi diqqətə çatdırılıb. Onun “Brentford”la matçda oynayıb-oynamayacağına son qərar tibbi müayinədən sonra veriləcək.
Qeyd edək ki, “Nyukasl” – “Brentford” görüşü fevralın 7-də Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. "Qarabağ" isə UEFA Çempionlar Liqasının pley-off mərhələsində "sağsağanlar"la fevralın 18-də evdə, fevralın 24-də isə səfərdə qarşılaşacaq.










































































