Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyununda "Sumqayıt" "Zirə"ni qəbul edib.
Sportnet.az-ın məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 3:2.
Hesabı 24-cü dəqiqədə "Zirə"nin hücumçusu Davit Volkov açıb. Buna cəmi 2 dəqiqə sonra Nikola Ninkoviç gözəl qolla cavab verib.
35-ci dəqiqədə Qismət Alıyev cərimə zərbəsi ilə yenidən "qartallar"ı önə çıxarıb. 50-ci dəqiqədə Aleksandr Ramalinqom yenidən hesabı bərabərləşdirərək, özünün çempionatda 6-cı qoluna imza atıb.
88-ci dəqiqədə isə Giorgi Papunaşvili "qartallar"ın qələbə topunu vurub.
Bununla da 5 oyunluq qələbəsizlik seriyasına son qoyaraq, xalını 32-yə çatdıran "Zirə" 3-cü pilləyə qalxıb. 30 xala malik "Sumqayıt" isə 5-ci pilləyə enib.
Qeyd edək ki, turun açılış oyununda "Sabah" "Araz-Naxçıvan"ı darmadağın edib - 4:1.
------------------------
Azərbaycan Premyer Liqasında XIX tura start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış oyununda "Sabah" və "Araz-Naxçıvan" komandaları üz-üzə gəlib.
"Bank Respublika Arena"da keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1.
Hesabı artıq 9-cu dəqiqədə penaltidən Umarali Raxmonaliyev açıb. Bundan cəmi 2 dəqiqə sonra Floran Maluda fərqi artırıb. 16-cı və 68-ci dəqiqələrdə isə Xəyal Əliyev fərqlənərək, "dubl" edib.
Qonaqlar bu qollara 86-cı dəqiqədə Felipe Santosun dəqiq aşırma zərbəsi ilə cavab veriblər.
49-cu dəqiqədə yeni FIFA referisi Tural Qurbanov Naxçıvan komandasının lehinə penalti təyin etsə də, VAR-a baxdıqdan sonra qərarını ləğv edib.
"Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko start heyətində 6 yerli futbolçunun xidmətindən yararlanıb.
Beləliklə, "Sabah" Premyer Liqada I turdan təxirə salınmış "Qarabağ"la oyun da nəzərə alınmaqla, ardıcıl 8-ci qələbəsini qazanaraq, xalını 49-a çatdırıb və ən yaxın izləyicisi "Qarabağ"dan 7 xal aralanıb.
Demçenkonun rəhbərliyi altında 3-cü matçında da qələbəyə həsrət qalan "Araz-Naxçıvan" isə 27 xalla 6-cı pillədə qərarlaşıb.
------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XIX turun ilk görüşləri keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, açılış oyununda "Sabah" və "Araz-Naxçıvan" komandaları üz-üzə gələcək.
"Bank Respublika Arena"da saat 16:00-da başlanacaq qarşılaşmanı yeni FIFA referisi Tural Qurbanov idarə edəcək.
Hazırda "Sabah" 43 xalla liderdir. "Araz-Naxçıvan" isə 27 xalla 6-cı pillədə qərarlaşıb.
İki komanda arasında əvvəlki 9 oyunun 3-də Masazır, 1-də Naxçıvan təmsilçisi qalib gəlib. Daha 5 matç heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "Sabah"ın üstünlüyü var - 11:9. Bu komanda son 7 matçda qol vurub və uduzmayıb. Axırıncı 3 qarşılaşmada qollu heç-heçə qeydə alınıb.
Günün digər oyunu isə "Sumqayıt" və "Zirə" arasında olacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda saat 18:30-da başlanacaq görüşü baş hakim İnqilab Məmmədov idarə edəcək. Bu komandalar fevralın 4-də Bizon Azərbaycan Kubokunun ilk 1/4 final görüşündə üz-üzə gəliblər və meydançanı qolsuz heç-heçə ilə tərk ediblər.
Premyer Liqa qarşılaşması ərəfəsində "Sumqayıt" 30 xalla 4-cü, "Zirə" 29 xalla 5-ci yerdə gedir. Çempionatda indiyəqədərki 40 qarşılaşmanın 6-dan "gənclik şəhəri" təmsilçisi, 23-dən "qartallar" qalibiyyətlə ayrılıb. Daha 11 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "Zirə"nin ciddi üstünlüyü var - 57:24.
Azərbaycan Premyer Liqası, XIX tur
8 fevral (bazar)
16:00. “Sabah” – “Araz-Naxçıvan” - 4:1
Qollar: Umarali Raxmonaliyev, 9 (pen.). Floran Maluda, 11. Xəyal Əliyev, 16; 68 - Felipe Santos, 86
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Emin Əliyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Bank Respublika Arena”
18:30. “Sumqayıt” – “Zirə” - 2:3
Qollar: Nikola Ninkoviç, 26. Aleksandr Ramalinqom, 50 - Davit Volkov, 24. Qismət Alıyev, 35. Giorgi Papunaşvili, 88
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Alik Yunusov
VAR: Rauf Cabarov
AVAR: Kamran Əliyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, turun qalan oyunları 9-10 fevralda olacaq.




















































































