Elşən MƏMMƏDOV
Azərbaycan millisinin keçmiş futbolçuları daim media ilə açıq ünsiyyətdən, səmimi açıqlamalardan çəkinməyiblər. Bu gün bir çoxu karyeralarını bitirərək, veteran sayılsa da, yenə televiziya verilişlərində, yutub platformalarında və saytlarda öz sözlərini deyirlər.
Az qala zombiləşmiş, robot kimi intizam kodeksləri ilə idarə olunan indiki əksər milli üzvlərindən fərqli olaraq, əvvəlki onilliklərin futbolçuları həmişə belə olub. Şahrudin Məhəmmədəliyevi isə "sonuncu mogikan" saymaq olar.
Fransa ilə oyunda 2-si sayılmayan, 3-ü sayılan, o cümlədən, 1-ni özü içəri salan topu buraxdıqdan sonra sərt açıqlamalar verib. Artıq dağıstanlı olduğunu unutduran, millidəki komanda yoldaşı Anton Krivotsyuk qədər azərbaycanca da danışa bilən 31 yaşlı qolkiper keçib birbaşa legioner limitinin ləğvinin Azərbaycan futboluna vurduğu ziyanlardan bəhs etməyə. Deyib ki, nə qədər ki, legioner limiti var idi, Azərbaycan futbolu ayaqda idi. Limit götürülməklə, tunelin sonundakı işıq da söndü.
Legioner hər hansı idman növünü və komandasını gücləndirmək üçün gətirilir. Xüsusən, qeyri-ənənəvi növlərdə. Bu baxımdan, bir çox idman növündə güclənmənin baş verdiyini demək olar. Mən üzgüçülüyü ayrıca qeyd edərdim. Bilirəm ki, bu idman növünün Azərbaycanda da inkişafı yönündə bölgələrdə və paytaxtda nə qədər böyük və real işlər görülür. Legioner gətirilsin, amma nəticəsi olsun. Daha futboldakı kimi legioner limitini ləğv edib, azərbaycanlı futbolçuları kənarda qoymaq, onlarla eyni səviyyədə olan legionerləri meydana buraxmaqla yox!
Şahrudin Məhəmmədəliyev bunu demək istəyirdi. Adam düz deyir: heç bir ölkədə öz oyunçusu qala-qala, onunla eyni, hətta aşağı səviyyədə olan futbolçunu meydançaya buraxmırlar. Yoxsa bizdə... Sanki agentlərin, onlarla əlbir işləyən bəzi klub rəsmiləri və baş məşqçilərin gətirdikləri legionerlər qarşısında öhdəlikləri var. Ki, səni hər oyunda meydançaya buraxacağıq - formada olsan da, olmasan da.
Nə lüzum var idi legioner limitini aradan götürməyə? Azərbaycana gətirilən legioner futbolçular harada özlərini göstəriblər? Bəlkə hansısa milli komandanın üzvləridirlər? Hər milli fasilədə öz ölkələrinin yığmalarına çağırılırlar, yoxsa Azərbaycanda qazandıqları, daha doğrusu, dövlətin klublara ayırdığı vəsaiti maaş-mükafat formasında əldə edərək, aparıb sevgililəri ilə xaricdə israf etməklə məşğuldur olurlar?
Bəlkə sonuncu pillələrdə var-gəl edən klubları legionerlər dartıb irəli aparıblar? Bəlkə avrokuboklara çıxan klublar əcnəbilərin sayəsində qrupa düşüblər?
Azərbaycan futboluna legionerlər yox, idarəçilər lazımdır. Menecerlər! Xaricdən kimi gəldi gətirib klublara ... yeridən menecerlər yox. Onların adları zatən çoxdan dəyişdirilib - artıq agent adlandırılırlar.