Bolqarıstanın Samokov şəhərində 15 yaşadək güləşçilər arasında Avropa çempionatına yekun vurulub.
Sportnet.az xəbər verir ki, böyük məşqçi Namiq Quliyev, məşqçilər Elşad Allahverdiyev, Xəqan Süleymanov və Emin Əzizovun rəhbərliyi altında mübarizə aparan sərbəst güləş üzrə Azərbaycan millisi qitə birinciliyini 6 medalla başa vurub.
2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan yığma 122 xal toplayaraq komanda hesabında Rusiya (167) və Gürcüstandan (165) sonra üçüncü yeri tutub. Milli medalların əyarına görə isə yalnız Rusiyadan geri qalıb.
Xatırladaq ki, Azərbaycan millisinin tərkibində Yusif Abdullayevlə (38 kq) Elvin Necəfzadə (85 kq) qızıl, Elman İsmayılovla (41 kq) Adəm Quliyev (52 kq) gümüş, Məhəmməd Kərimov (44 kq) və Yusif Hüseynov (62 kq) isə bürünc medal qazanıb.












































































