İspaniyanın “Atletiko Madrid” klubunun baş məşqçisi Dieqo Simeone ilə komandanın idman direktoru Mateu Alemani arasında münasibətlər qış transfer pəncərəsindən sonra gərginləşib.
Sportnet.az-ın məlumatına görə, yaranmış fikir ayrılıqları argentinalı mütəxəssisin klubdakı gələcəyinə təsir göstərə bilər.
Baxmayaraq ki, onun “Atletiko Madrid”lə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Bildirilir ki, klub rəhbərliyi artıq Simeonenin mümkün əvəzləyicisinin axtarışına başlayıb və baş məşqçinin mövsümün sonunda klubu tərk etməsi istisna olunmur.
Qeyd edilir ki, bu məsələdə əsas amil idman direktoru ilə yaşanan ziddiyyətlər deyil, komandanın nəticələri olacaq. Simeone rəhbərliyə olan etimadı bərpa etmək üçün komandanın göstəricilərini yaxşılaşdırmalıdır.
Mümkün əvəzləyici kimi İngiltərənin “Bornmut” klubunun baş məşqçisi Andoni İraola göstərilir. Lakin ispaniyalı mütəxəssis karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə üstünlük verir.
Qeyd edək ki, Dieqo Simeone 2011-ci ilin dekabrından Madrid təmsilçisinə rəhbərlik edir. Onun dövründə “Atletiko Madrid” iki dəfə İspaniya çempionu olub və Avropa Liqasının qalibi adını qazanıb.
İspaniya La Liqasında 22 turdan sonra “Atletiko Madrid” 45 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. UEFA Çempionlar Liqasının ümumi mərhələsində isə Madrid klubu 14-cü yeri tutaraq pley-off mərhələsində mübarizə aparacaq.










































































