UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Çempionlar Liqasının əsas mərhələsinin VIII tur matçlarında baş vermiş olaylarla əlaqədar Türkiyənin "Qalatasaray", Portuqaliyanın "Benfika" və İspaniyanın "Real Madrid" klublarını cərimələyib.
Sportnet.az-ın məlumatına görə, "Qalatasaray" İngiltərənin "Mançester Siti" komandasına qarşı səfər matçında fişənglərin yandırılması və meydançaya kənar əşyaların atılması ilə əlaqədar 60 000 avro cərimə olunub.
Bundan başqa "Benfica" və "Real Madrid" arasındakı matç gec başladığı üçün hər iki kluba 40 000 avro cərimə kəsilib, baş məşqçilər Joze Mourinyo və Alvaro Arbeloa xəbərdarlıq alıb.
"Kral klubu" futbolçusu Rodriqonun hakimi təhqir etməsi səbəbindən avrokuboklardan 2 oyunluq kənarlaşdırılıb.
Komandanın ümumi davranışı ilə bağlı "Real Madrid"ə xəbərdarlıq edilib.
Qeyd edək ki, "Qalatasaray" "Mançester Siti"yə 0:2, "Real Madrid" isə "Benfika"ya 2:4 hesabı ilə uduzub. Bununla belə, bütün klublar Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanıb.














































































