"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Nyukasl" İngiltərə Premyer Liqasının XXV turunda “Brentford”u qəbul edib.
Sportnet.az-ın məlumatına görə, “Sent Ceyms Park” stadionunda keçirilmiş qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın 24-cü dəqiqəsində Sven Botman meydan sahiblərini önə çıxarıb. 37-ci dəqiqədə Vitali Yanelt hesabı bərabərləşdirib. İlk hissəyə əlavə olunmuş 2-ci dəqiqədə İqor Tyaqo penaltini dəqiq yerinə yetirərək “Brentford”u hesabda önə çıxarıb.
79-cu dəqiqədə Bruno Gimaraeş penaltidən fərqlənərək tarazlığı bərpa edib. Oyunda son nöqtəni isə 85-ci dəqiqədə Danqo Uattara qoyub.
Bu, "Nyukasl"ın Premyer Liqada son 4 oyunda 3-cü məğlubiyyətidir. Komanda yanvarın 10-dan qatıldığı bütün turnirlərdə 9 matçda yeganə qələbəsini yanvarın 21-də Niderland PSV-si üzərində qazanıb. Qalan oyunların 6-da məğlubiyyət, 2-də heç-heçə qeydə alınıb. "Qara-ağlar" hazırda çempionatda 33 xalla 12-ci pillədə qərarlaşıblar. “Brentford” isə 39 xalla 7-cidir.
Növbəti turda “sağsağanlar” fevralın 10-da “Tottenhem”in qonağı olacaq, “arılar” isə fevralın 12-də “Arsenal”ı qəbul edəcək.
Qeyd edək ki, "Qarabağ" "Nyukasl"la fevralın 18-də evdə, fevralın 24-də isə səfərdə qarşılaşacaq.

















































































