Səudiyyə Ərəbistanı çempionatının XXI turunda “Əl-Nəsr” evdə “Əl-İttihad”ı qəbul edib.
Sportnet.az xəbər verir ki, Ər-Riyadda baş tutan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“Əl-Nəsr”in qollarını 84-cü dəqiqədə penaltidən Sadio Mane və əlavə vaxtda Anjelo vurub.
Matçın 7-ci dəqiqəsində “Əl-Nəsr” azarkeşləri komandanın kapitanı Kriştianu Ronalduya dəstək aksiyası keçiriblər. Tribunalarda yer alan fanatlar eyni anda Ronaldunun soyadı və oyun nömrəsi olan 7 yazılmış lövhələri qaldırıblar. Bundan əlavə, bir neçə dəqiqə ərzində portuqaliyalı hücumçunun qol sevinci zamanı səsləndirdiyi məşhur “Si!” şüarını səsləndiriblər.
Qeyd edək ki, Kriştianu Ronaldu bu oyunun iştirak ərizəsinə daxil edilməyib. O, daha əvvəl XX turda “Əl-Riyad”a qarşı matçı da buraxmışdı.
ESPN-in yaydığı məlumata görə, futbolçunun son oyunlarda iştirak etməməsi Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu tərəfindən klub rəhbərliyində gözlənilən dəyişikliklərlə bağlı lazımi təminatların verilməməsi ilə əlaqədardır. Mənbələr bildirir ki, yaxın həftələrdə bu məsələ ilə bağlı aydınlıq yaranmasa, Ronaldu iyun ayında transfer tələbi ilə çıxış edə bilər.











































































